""Formula 1" Azərbaycana turizm, iqtisadi və idman üstünlükləri qazandırır" - ŞƏRH EDİLDİ

""Formula 1" yarışlarının Azərbaycanda keçirilməsi bizim üçün çoxşaxəli üstünlüklər deməkdir. İlk növbədə, bu yarış Azərbaycanın dünyada tanınmasına böyük töhfə verir. Çünki "Formula 1" dünya üzrə ən çox izlənilən idman hadisələrindən biridir və Bakıda keçirilən yarışların xarici ölkədə canlı yayımlanması ölkəmizin adını, tarixini, mədəniyyətini və gözəlliklərini milyonlarla tamaşaçıya çatdırır. Bu baxımdan, "Formula 1" Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsində mühüm rol oynayır". Bu sözləri SİA-ya açıqlamasında Paralimpiya çempionumuz İmaməddin Xəlilov deyib.

Onun sözlərinə görə, bu tədbir ölkəmizə ciddi iqtisadi fayda qazandırır. Yarış günlərində minlərlə turist Bakıya səfər edir, otellərdə qalır, restoran və ticarət mərkəzlərindən istifadə edir. Bu da turizm sektorunun inkişafına, yeni iş yerlərinin yaranmasına və ölkəyə valyuta axınının artmasına səbəb olur. Bütün bunlar Azərbaycanın iqtisadi potensialının güclənməsinə xidmət edir: "İdman baxımından da "Formula 1" çox önəmlidir. Bu yarışlar Azərbaycan gənclərinin idmana marağını artırır, xüsusilə də avtomobil idmanına diqqəti gücləndirir. Eyni zamanda, belə böyük tədbirlərin təşkil edilməsi ölkəmizin idman infrastrukturunun inkişafına təkan verir. Biz bu sahədə beynəlxalq standartlara uyğun təcrübə toplayırıq ki, bu da gələcəkdə digər mötəbər idman tədbirlərinə ev sahibliyi etməyə imkan yaradır. Mən bir idmançı olaraq deyə bilərəm ki, "Formula 1" sadəcə yarış deyil, həm də böyük bir məktəbdir. Bu yarışlar gənc idmançılara motivasiya verir, onlara göstərir ki, əgər istək və zəhmət varsa, dünya səviyyəsində uğur qazanmaq mümkündür. "Formula 1"in Azərbaycana gətirdiyi üstünlüklər təkcə bu günlə məhdudlaşmır, həm də gələcək nəsillərin inkişafı üçün möhkəm zəmin yaradır".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə