Naxçıvanda kikboksinq üzrə döyüş gecəsi keçirilib

Avqustun 31-də İlham Əliyev adına Olimpiya İdman Kompleksində uşaq, yeniyetmə və gənclər arasında kikboksinq üzrə beynəlxalq turnir keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Kikboksinq Federasiyasının (AKF) birgə təşkilatçılığı ilə reallaşan yarışda Türkiyə və Azərbaycandan 12 klubu təmsil edən 120 idmançı qələbə uğrunda mübarizə aparıb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Nazirliyin mətbuat xidmətindən bildirilib ki, tədbirin rəsmi açılış mərasimində Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov çıxış edərək yarışın əhəmiyyətindən danışıb. O, bu tipli tədbirlərin idmanın inkişafı, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, o cümlədən vətənpərvər və sağlam gənclik formalaşdırılması baxımından xüsusi rola malik olduğunu vurğulayıb. Gənclər və İdman Nazirliyinin faydalı təşəbbüşləri daim dəstəklədiyini diqqətə çatdıran Məcid Seyidov sonda bütün idmançılara uğurlar arzulayıb.

Yarışın Təşkilat Komitəsinin sədri Etibar Qəribov turnirin uzun müddət hafizələrdə qalacağına və idmançıların burada böyük təcrübə əldə edəcəyinə ümidvar olduğunu bildirib.

Mərasimin bədii hissəsində milli rəqs qrupunun çıxışları tamaşaçılar tərəfindən maraqla izlənilib. Sonra tanınmış türkiyəli aparıcı Tarık Sayının təqdimatında gecənin əsas döyüşləri başlayıb.

Öz əzmkarlığı və texnikası ilə izləyənlərə həyəcanlı və maraqlı anlar yaşadan idmançıların mübarizəsində Aylin Hüseynzadə, Ravil Əlməmmədov, Uğur Əliyev, Əsgər Heydərov, Umut Cemal Çoban və Əli Hüseynov kəmər döyüşlərində, Əbülfəz Cəfərov, Məhəmməd Hüseynov, Gülay Hüseynova, Zemfira Məmmədova və Oğuz Məmmədli rəqiblərini məğlub edərək qələbə qazanıblar.

Döyüş gecəsi çərçivəsində müxtəlif yaş və çəki kateqoriyaları üzrə ümumilikdə 60 görüş keçirilib. Görüşlərin sonunda hər bir idmançı mükafatlandırılıb. İdmançılara kubok, diplom və kəmər təqdim olunub.

Qeyd edək ki, AKF Hakimlər Kollegiyasının sədri Fəxrəddin Quliyev yarışın baş hakimliyini edib. Eyni zamanda federasiyanın nümayəndəsi kimi yarışın təşkilati işlərində əməyi olanlara, fəal məşqçi və həkimlərə AKF-nin fəxri fərmanları təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə