Yeni mövsümün start tarixi və reqlamenti müəyyənləşib

Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünə sentyabrın 28-də start veriləcək. Azərbaycan Basketbol Federasiyasından SİA-ya bildirilib ki, reqlamentə əsasən, çempionatın oyunları 4 dövrəli, 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümün oyunları A və B qrupları üzrə baş tutacaq. Ötən mövsüm göstərdikləri yekun nəticələrə əsasən, klubların mübarizə aparacaqları qruplar aşağıdakı kimidir:

A qrupu: "Sabah", "Neftçi", "Şəki", "Abşeron Lions", NTD, "Gəncə"

B qrupu: "Naxçıvan", "Ordu", "Sərhədçi", "Sumqayıt", "Quba", "Lənkəran"

Müntəzəm çempionatın A qrupunun oyunlarında meydançada 4 əcnəbi və mütləq şəkildə 1 yerli basketbolçunun iştirak etməsi əsas şərt olacaq. B qrupunun oyunlarında isə 15-ci tur daxil olmaqla 3 əcnəbi və 2 yerli basketbolçu, 16-cı turdan etibarən isə 4 əcnəbi və 1 yerli basketbolçunun parketdə olması mütləqdir. A qrupunu ilk 3 sırada tamamlayan klublarla yanaşı, B qrupunun lideri pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutan komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanan klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 3 qələbə qazanan klub Azərbaycan Basketbol Liqasının (ABL) çempionu olacaq.

Qeyd edək ki, çempionatın yekun nəticələrinə əsasən, mövsümü ilk “8-lik”də tamamlayan klublar növbəti ildən I Liqada (ABL), 9–12-ci yerləri tutmuş klublar isə ölkə basketbolunda ilk dəfə təşkil olunacaq ikinci liqada (ABL 2) mübarizə aparacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə