Kişi cüdoçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışları davam edir. Azərbaycan Cüdo Federasiyasından SİA-ya bildirilib ki, komanda Quba Olimpiya İdman Kompleksində gün ərzində iki dəfə olmaqla intensiv məşqlərə cəlb edilib. Məşqlərin birinci hissəsi fiziki hazırlığa, ikinci mərhələsi isə tatami üzərində texniki-taktiki çalışmalara həsr olunur.
Toplanışa performans direktoru və yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov və Robert Kravçik, həmçinin fiziki hazırlıq üzrə böyük məşqçi Həsrət Məhəmmədov rəhbərlik edirlər.
Təlim düşərgəsi VI İslam Həmrəyliyi Oyunları və qarşıdakı digər beynəlxalq yarışlara hazırlıq xarakteri daşıyır.
Milli komanda hazırlığın növbəti hissəsini Bakıda davam etdirəcək. Ardınca cüdoçular sentyabrın 6–19-da Braziliyanın San-Paulu şəhərində təşkil olunacaq beynəlxalq toplanışda iştirak edəcəklər.
Qeyd edək ki, yığmanın son məşqini Gənclər və İdman Nazirliyi, Azərbaycan İdman Akademiyasının birgə təşkilatçılığı ilə Qubada keçirilən beynəlxalq yay düşərgəsinin iştirakçıları izləyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə