"Araz-Naxçıvan"ın rəqibi Bakıya itkilərlə gəlib

Kiprin "Omoniya" klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bakıda "Araz-Naxçıvan"la keçiriləcək ilk oyuna itkilərlə çıxacaq. SİA Kipr mətbuatına istinadən xəbər verir ki, norveçli hücumçu Mikael İnqebriqtsen, isveçli müdafiəçi Filip Helander və yunanıstanlı vinger Anastasios Haciyovanis bugünkü matçda oynamayacaqlar.

İnqebriqtsen və Helanderin adları komandanın baş məşqçisi Heninq Berq tərəfindən avrokubok oyunları üçün sifariş ərizəsindən çıxarılıb. Norveçli mütəxəssisin artıq onlara güvənmədiyi və planlarına daxil etmədiyi bildirilib.

Haciyovanis isə zədə səbəbindən Bakıya gətirilməyib. Əvəzində vizə məsələsinə görə komanda ilə birlikdə Azərbaycana gələ bilməyən qapıçı Frensis Uzohonun problemi həllini tapıb. Qolkiper gecikmə ilə də olsa, Bakıda kollektivə qoşulub.

Qeyd edək ki, bu gün “Liv Bona Dea Arena”da keçiriləcək görüş saat 20:00-da başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə