“Yayda məşq etmək çətindir, amma idmana həvəsi olan bu fəsildə də davam edir”. Bu fikirləri məşqçi Kamil Zeynallı SİA-ya açıqlamasında səsləndirib.
Onun sözlərinə görə, yay fəslində isti hava səbəbindən zala gələnlərin sayı azalır, lakin idmana həvəsi olanlar məşqləri heç zaman yarımçıq qoymur: “İstiyə görə zala gələn müştəri sayı azalır. Amma idmansevərlər yayda da məşqə davam edirlər. Bu fəsildə onlara daha çox rast gəlirik. Belə vaxtlarda kiminsə zala nə üçün gəldiyini də daha yaxşı analiz etmək olur”.
Kamil Zeynallı hesab edir ki, bəzi şəxslər idmana yalnız sosial şəbəkələr üçün yanaşır: “Adam var zala sadəcə özünü nümayiş etdirmək üçün gəlir. Vaxt keçirir, şəkil çəkdirib paylaşır. Heç kim demir ki, mən bura göstəriş üçün gəlmişəm, amma nəticəsindən görünür. Bu adamlar bir müddət sonra ümumiyyətlə görünmür”.
Onun sözlərinə görə, idmana həvəs və məsuliyyətlə yanaşan şəxslərin nəticəsi isə qısa müddətdə bədən formasında özünü göstərir: “Mən özüm formaya düşdükcə həvəslənirəm, şəkil çəkirəm, paylaşıram. İdmanla ciddi məşğul olanlar da həm şəkil, həm video paylaşır. Amma onların nəticəsi 3-5 ayda aydın görünür. Çünki onlar məşqlərə sevə-sevə yanaşırlar”.
Məşqçi qeyd edib ki, zalda məşqçilərin tələbkar olması da müştərilərin motivasiyasına ciddi təsir edir: “Məşqçilər tələbkar olanda zalda idman edənlər də həvəsli olur. Bu həm nəticəyə, həm davamlılığa səbəb olur”.
Kamil Zeynallının fikrincə, sosial şəbəkələr insanları öz həyatını nümayiş etdirməyə təhrik edir və bu, artıq normal bir hal alıb: “Elə dövrdə yaşayırıq ki, insanlar istirahətə, alış-verişə, idmana – hara getsələr, sosial şəbəkədə paylaşırlar. Artıq bu bir həyat tərzinə çevrilib”.
Bütün xəbərlər Facebook səhifəmizdə