Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Emil Seyidovun SİA-ya müsahibəsini təqdim edirik:
- İl ərzində hansı yarışların keçirilməsi gözlənilir?
- Cari il üçün artıq proqram ilin əvvəlindən hazırlanıb. Bir konkur yarışı keçirilib. Bu il üçün 12 konkur yarışı, 12 cıdır günü, 22 turda 132 oyundan ibarət olacaq Peşəkar Çövkən Liqası, Çövkən üzrə 1 kubok oyunu və 2 gün yorğa qaçışlarının keçirilməsi planlaşdırılıb.
- ARAF tərəfindən qarşıya nə kimi hədəflər qoyulub?
- ARAF bu il regionlarda da yarışların və turnirlərin keçirilməsi üçün işlər görür. Növbəti aylar üçün ölkəmizin fərqli bölgələrində yorğa qaçışlarının keçirilməsi üçün layihələr hazırlanır. Həmçinin beynəlxalq əlaqələrin daha da möhkəmləndirilməsi üçün işlər davam edir. Beləki, iyun ayında Polo üzrə dünya çempionatı keçiriləcək və Azərbaycan milli yığması da artıq iştirak üçün müraciət edib.
- İşğaldan azad olunmuş ərazilərimizdə hansısa yarışların keçirilməsi planlaşdırılıb?
- İşğaldan azad olunmuş ərazilərdə dövlət siyasətinə uyğun olaraq bu sahədə işlər görmək bizim üçün böyük fəxr olar. Göstərilən tapşırıqlara əsasən bütün lazımi işləri görməyə hazırıq və ümid edirik ki, yaxın gələcəkdə bu turnirlər baş tutacaq və böyük marağa səbəb olacaq.
- Çövkən çempionatının nə zaman keçirilməsi gözlənilir və bu il hansı yeniliklər olacaq?
- Peşəkar Çövkən Liqası mart ayının 11-dən start götürür. Hələ ki, komanda sifarişləri qəbul edilir. Bu il artıq federasiya "misli.az" ilə əməkdaşlığa başlayıb. Çövkən yarışlarını mart ayından artıq "misli.az" saytında görə biləcəksiniz. Həmçinin keçən il olduğu kimi bu ildə bütün çövkən yarışları CBC Sport kanalında canlı yayımlanacaq.
- Hazırda ölkəmizdə atçılıq idman növünün inkişafı baxımından hansı addımlar atılır?
- Azərbaycan Respublikası Atçılıq Federasiyası atçılıq idman növünün inkişafı istiqamətində bir sıra mühüm addımlar atmaqdadır. Bu çərçivədə görülən işlər aşağıdakı əsas istiqamətləri əhatə edir:
Beynəlxalq Əlaqələrin Genişləndirilməsi - Azərbaycan atçılıq idmanının beynəlxalq səviyyədə tanınmasını və inkişafını təmin etmək üçün müxtəlif beynəlxalq federasiyalar və təşkilatlarla əməkdaşlıq edilir, yarışlara və tədbirlərə qatılım artırılır.
Beynəlxalq Yarış və Festival İştirakları – Qarabağ atlarının və Azərbaycan atçılıq komandalarının Windsor Atçılıq Şousu, Etnoidman Mədəniyyət Festivalı və digər mötəbər beynəlxalq tədbirlərdə iştirakı təmin edilir.
Milli Yarışların Təşkili – Ölkədaxili atçılıq idman növlərinin inkişafı üçün milli yarışlar və çempionatlar təşkil edilir. O cümlədən Çövkən üzrə dünya çempionatının keçirilməsi və digər ənənəvi atçılıq oyunlarının təşviqi prioritet istiqamətlərdəndir. Təbii ki, bu məsələdə bizə əsas dəstəyi Beynəlxalq Çövkən Federasiyası göstərir.
Polo və Show Jumping İnkişafı – Polo idman növünün genişləndirilməsi və Azərbaycan polo komandasının beynəlxalq yarışlarda uğurla təmsil olunması üçün müvafiq addımlar atılır. Həmçinin konkur sahəsində idmançıların inkişafı və təcrübə qazanmaları üçün imkanlar yaradılır.
Dövlət Dəstəyi və Sponsorlarla Əməkdaşlıq – Atçılıq idmanının davamlı inkişafı üçün dövlət qurumları və özəl sektorla əməkdaşlıq edilir, sponsorların cəlb olunması istiqamətində işlər aparılır.
- Bundan öncəki müsahibənizdə xaricdən jokeylərin dəvət edilməsi ilə bağlı müəyyən işlərin görüləcəyini demişdiniz. Bu istiqamətdə vəziyyət necədir?
- Bəli, xarici jokeylərin Azərbaycana dəvət edilməsi istiqamətində müvafiq işlər aparılıb. Artıq bir neçə xarici jokey ARAF-a müraciət edib və onlarla ilkin danışıqlar aparılıb. Qeyd edək ki, artıq bu müraciətlərdən biri müsbət nəticələnib və xarici jokeylərdən biri Bakıya gəlib. Cıdır sezonunda iştirakı nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə