"Ümid edirik ki, yaxın günlərdə problem həllini tapacaq" - Baş məşqçi

“Komandanın bu günə kimi olan çıxışını yaxşı dəyərləndirirəm”. SİA xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət “Abşeron” klubunun baş məşqçisi Famil Ağayev deyib.

Azərbaycan Yüksək Liqasının liderinin çalışdırıcısı bildirib ki, komandası qarşıya qoyulan hədəflərə çatmaq üçün əlindən gələni edir: “Çalışırıq ki, bizdən istəniləni yüksək səviyyədə yerinə yetirək. Əvvəlcə kubok oyunlarında, daha sonra ölkə çempionatının ikinci dövrəsindəki bütün oyunlarda qələbə qazandıq. Bu da bizi sevindirir. Qələbələrin davamını gətirəcəyik”.

Ağayev yeni transferlərinin hələ oyuna çıxmamasına da aydınlıq gətirib: “O, bir həftədir ki, məşqlərə qoşulsa da, oyuna hələ çıxmayıb. Çünki transfer ilə bağlı bəzi məsələlər həll olunmayıb. Ümid edirik ki, yaxın günlərdə problem həllini tapacaq və komandanın heyətinə qatılacaq”.

Baş məşqçinin sözlərinə görə, ölkə çempionatında 6 klubdan 5-i eyni gücdədir: “Ümumi oyunlara baxsaq, “Milli Aviasiya Akademiyası” ilə oyunlarımızı fərqləndirərdim. Onlarla oyun nisbətən gərgin keçir. Yanvarın 28-də onlarla oynayacağıq. Artıq həmin matça hazırlaşırıq”.

Qeyd edək ki, VII turda UNEC-i 3:0 hesabı ilə məğlub edən “Abşeron” 20 xalla turnir cədvəlinə başçılıq edir. Onlar ikinci pillədə qərarlaşan “Milli Aviasiya Akademiyası”nı 5 xal qabaqlayırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə