"Heç bir ölkənin dövlət başçısı idmançısını hər il mükafatlandırmır" - Tərlan Əhmədovla MÜSAHİBƏ

Keçmiş futbolçu və baş məşqçi Tərlan Əhmədovun SİA-ya verdiyi müsahibəsini təqdim edirik

- Prezident İlham Əliyevin idmana olan diqqət və qayğısını necə dəyərləndirirsiniz?

- Bəli, Prezidentimizin idmana həqiqətən də böyük bir dəstəyi var. Ali Baş Komandan idman sahəsini hər zaman diqqət mərkəzində saxlayır.

- Bəs, Ulu Öndər Heydər Əliyev necə?

- Ulu Öndər Heydər Əliyev də Sovetlər dönəmində idmana böyük diqqət ayırardı. Heydər Əliyev idmançıların sağlam, savadlı olmasında, cəmiyyətə xeyir verəcək nəsillərin yetişməsində böyük işlər görürdü. Bu sayədə Azərbaycanda idman sahəsində böyük uğurlar əldə olunurdu. Hətta Ulu Öndərin dövründə Olimpiya, dünya, Avropa çempionlarımız xeyli sayda idi. Ulu Öndərin yaratdığı şəraitin nəticəsində idmançılar uğur əldə edirdi.

Müstəqillik dövrünə keçdikdən sonra da bilirsiniz ki, dövlətimiz müharibə şəraitində idi. Bəzi dövlətlər bizə icazə vermirdilər ki, ölkəmizdə yarışlar keçirilsin. 1994-cü ildən sonra Ulu Öndərin təzyiqi, istək və iradəsi ilə Azərbaycanda yarışların keçirilməsi tələb olundu.

- Bu gün idmançıların fəaliyyətini necə dəyərləndirirsiniz?

- İdmançılarımız bayrağımızı beynəlxalq arenada dalğalandırırlar. Biz hamımız bilirik ki, bayraq iki dəfə yüksəlir. Birincisi Prezidentimiz xarici ölkələrə səfər etdikdə yüksəlir, ikincisi isə idmançılarımız beynəlxalq yarışlarda iştirak etdikdə bu baş verir. İdmançıların Avropada mükəmməl çıxışları, komplekslərin tikilməsk və olimpiya çempionlarının yetişməsi Prezidentimizin idmana verdiyi böyük dəstəkdən qaynaqlanır.

- Ölkəmizdə idman sahəsində keçirilən beynəlxalq yarışlar barədə nə düşünürsünsüz?

- Uğurlu nəticədir ki, bu il 1700 medal qazanılıb. Bu çox qürür verir və yaradılan şəraitə verilən töhfədir. Bizim dünyada idman ölkəsi kimi tanınmağımız Ali Baş Komandanın səyi və idmançılarımızın əzmi ilə baş tutur. Avropa dünya çempionatlarının (şahmat, güləş, boks, karate və s.), İslam Həmrəyliyi Oyunları, Birinci Avropa Oyunları, Futbol üzrə 2020-ci ilin Avropa Çempionatının bir qrup oyunu, beynəlxalq yarışların, "Formula1" yarışlarının paytaxt Bakıda keçirilməsi və s. ölkəmizin idman dövləti kimi dünyada tanınmasında böyük rol oynayır. Stadionların tikilməsi və bərpası da Prezidentimizin idmana verdiyi dəstəkdir. Bu sayədə sağlam, gümrah və savadlı idmançılar yetişəcək.

- İdmançıların sıx-sıx Prezident tərəfindən mükafatlandırılması barədə fikirləriniz necədir?

- İdmandan sonra idmançıların həyat tərzinin yaxşılaşdırılması və mükafatlandırılması heç bir dövlətdə yoxdur. Heç bir ölkənin dövlət başçısı idmançısını hər il mükafatlandırmır.

- 2025-ci il idman sahəsindən gözləntiləriniz nələrdir?

- 2025-ci ilin idman sahəsində daha da uğurlu olmasını arzu edirəm. Xalqımıza ailə səadəti arzu edirəm. Qoy, hər kəs arzusuna çatsın. Uğurlarımız bol olsun, savadlı nəsillər yetişsin. Allah vətənimizi və dövlətimizi qorusun.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə