Aşura gününün dində rolu nədir? İLAHİYYATÇI AÇIQLADI

"Bu gün Aşura günüdür". SİA-ya açıqlamasında ilahiyyatçı mütəxəssis Ağasəid Yaqubov deyib.

Onun sözlərinə görə, Aşura sözünün mənası “10-cu gün” deməkdir : "Aşura günü Məhərrəmlik ayına aiddir. İslamdan öncə də hicri-qəməri ayları var idi. Məhərrəm ayının 10-cu günü də yəvm Aşir və ya Aşura adlanır. Bu gün də müəyyən möhtəbər hadisələr baş verib. Bu gün İbrahimin oddan xilas olması, Yusif peyğəmbərin quyudan xilas olması, İsa peyğəmbərin doğumunun 10-cu günə yaxın olması hədislərdə var. Bu tarixi gün eyni zamanda da İmam Hüseyn Əleyhissalamla bağlıdır. Belə ki, İmam Hüseyn (ə) haqq və ədalətə qarşı öz sədasını qaldırdı. Həmin dövrdə İslam ümmətində demək olar ki, dinsizlik hökm sürürdü. Quranın və İslam dininin dircəlməsi üçün Məhəmməd peyğəmbərin ümmətinin oyanması üçün İmam Hüseyn öz canını haqq yolunda qurban verdi və həmin hadisə bugünkü günə təsadüf edir".

İlahiyyatçı mütəxəssis Ağasəid Yaqubov sözlərinə əlavə edərək bildirib ki, Aşura İmam Hüseynin şəhadəti ilə artıq qəmli və hüznlü günə çevrildi: "Onun üçün həmin zamandan sonra daha Aşuranı sevinc kimi yox, qəm-kədər, matəm gün kimi qeyd olunmağa başladı. Ona görə də Aşura günü İmam Hüseyn (ə) və onun tərəfdaşları, yaru-ənsarı yad olunur. Çünki İmam Hüseyn (ə) elə bir addım atıb ki, o qiyamətə qədər unudulmayacaq və faydasını verəcək. İmam Hüseyin (ə) bu addımı atmasaydı, İslam dini daha da pis vəziyyətlə üz-üzə qalacaqdı. Kərbəla çölünə sürgün edilən İmam Hüseyn və tərəfdaşları İslaminin yaşaması üçün canlarından keçdilər. Bu, onun əsasını qoydu ki, İslam dinini yaşatmaq üçün insanlar canlarından keçmək ideologiyasına əqidə bağlasınlar. Bir gün dinə xətər gələrsə, insanlar canlarından keçməyə hazır olsunlar. Məhəmməd peyğəmbərimiz (s) İslam dinini bərqərar etmək üçün birinci vətəni bərqərar etdi. Mədinə şəhərini İslamın vətəni seçdi. Hər bir insan canını və dininin sağlam tutması üçün ilk olaraq vətənini möhkəm qorumalıdır. Bizim igid övladlarımız canlarından keçib vətəni bizə miras qoydular ki, bu millət bu vətənə xidmət etsin, bu torpağın üzərində milli-mənəvi dəyərlərini, din və namusunu canlarından üstün bilsinlər".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə