FƏRQLİLİKLƏRİMİZİ QORUYAQ, DƏYƏRLƏRİMİZİ UNUTMAYAQ!

Səslər və sükut arasında Parçalanan iki dünya...

Əminsizəm, qoşula bilmirəm... Göz yaşlarım axır...

Istəmədən edilən imtina tənhalığı hiss etdirir..

Bəzi əllər istisnadır, onlar dəstəkləyir, çəkir və ruhlandırır.

Daim, daim...Göz yaşları axır, amma təbəssüm doğur...

Hələ də iki hiss arasındayam, Amma sevilirəm...

Bu, əlilliyi olan bir şəxsin gözlərindən oxunan ifadələrdir.

3 Dekabr Beynəlxalq Əlilliyi olan Şəxslər Günüdür. Bu tarixi BMT əlilliyi olan şəxslərin hüquqlarına, yaşadıqları çətinliklərə və problemlərin həlli yollarına diqqət çəkmək məqsədilə 1992-ci ilin 14 oktyabrında qəbul edib. İndi dünya əhalisinin təxminən 10 faizini əlilliyi olan insanlar təşkil edir. Ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən geniş miqyaslı tədbirlərin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. İnsan amilini xüsusi diqqətdə saxlayan görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyi dövründə əlilliyi olan şəxslərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası ildən-ilə gücləndirilib. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən 3 Dekabr - Beynəlxalq Əlillər Günü ümummilli liderimiz Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunmağa başlanmışdır.

Hələ ötən əsrin 90-cı illərində ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı nəticəsində əlilliyi olan şəxslərin istedad və bacarıqlarının dəstəklənməsi üçün respublika səviyyəli tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Onu da qeyd edim ki, ümummilli lider Heydər Əliyevin “Biz, əlillər üçün, onların yaşaması, əmək fəaliyyətinə cəlb olunması, öz daxili imkanlarından, istedadlarından istifadə etmələri üçün daha da geniş şərait yaradacağıq” fikri dövlətimizin sosial siyasətinin mühüm prioritetlərindən biri kimi müəyyən olunmuş və Prezident İlham Əliyevin uğurlu sosial siyasəti digər sahələrdə olduğu kimi, bu tədbirlərin də getdikcə daha geniş vüsətlə davam etdirilməsinə imkan yaratmışdır. Sözsüz ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cəmiyyətimizin bütün təbəqələrinin üzvlərinə, o cümlədən əlilliyi olan şəxslərə olan diqqət və qayğısı hər zaman göz qabağındadır. Eyni zamanda, Heydər Əliyev Fondunun rəhbəri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində bir çox əlilliyi olan şəxslərin evləri əsaslı təmir olunmuş, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılmışdır. Dövlət səviyyəsində əlilliyi olan vətəndaşlara olan qayğı ölkəmizin bütün guşələrində də öz əksini tapmaqdadır.

Hər il 3 Dekabr əlilliyi olan şəxslərin istedad və bacarıqlarının dəstəklənməsi məqsədi ilə respublika üzrə müxtəlif tədbirlər həyata keçirilir. 27.11.2021-ci il tarixində 229 №-li tam orta məktəbdə YAP Nizami rayon təşkilatı və “Uğurcan” Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə “3 dekabr Beynəlxalq Əlilliyi olan Şəxslər Günü”nə həsr olunmuş “Biz Bir Ailəyik” adlı tədbir keçirilmişdir. Həmin tədbirdə fiziki məhdudiyyətli şəxslərin dəyərli əl işlərindən ibarət sərginin rəhbəri olaraq, əslində hər bir əlilliyi olan şəxsin bir bacarığa və istedada malik olmasını, insanın daxilindəki işığın və istedadının həmin şəxsin özünün inanaraq kəşf etməsinin, bu istedadı kəşf edərkən heç bir maneənin səni dəf edə bilməyəcəyini və hər bir məhdudiyyətin zehində başlayıb zehində bitdiyinin bir daha şahidi oldum.

Bu gün Beynəlxalq Əlilliyi olan Şəxslər Günü olsa da, biz cəmiyyət olaraq ilin tək bir günü deyil, ilin hər günü onları görməli, dinləməli, cəmiyyətdən təcrid olmamaları üçün sevgimizi, qayğımızı, diqqətimizi və dəstəyimizi əsirgəməməliyik. Onların hər birinin sağlamlığına, taleyinə və yaşam tərzinə qayğı ilə yanaşmaq, üzləşdiyi çətinlik və problemləri yüngülləşdirmək təkcə dövlətin yox, həm də hər kəsin vəzifəsi olmalıdır. Çünki hər kəs ünsiyyət hüququna malikdir və o dinlənilməlidir. Eyni zamanda, bütün insanların bir-birinə daima dəstək və dostluğu lazımdır. Bunun üçün inklüziv dəyərlərdən başlamaq lazımdır. Dahi mütəfəkkir Mahatma Qandinin də qeyd etdiyi kimi dəyərlərdən başlamaq, həmin dəyərlərə sahib çıxa bilmək və dünyada istədiyin dəyişikliyi görə bilmək üçün ilk növbədə özündən başlamalısan! Və insan dəyərlərini heç zaman unutmamalısan! Çünki insanın dəyəri onun qabiliyyət və nailiyyətlərindən asılı deyildir. Bütün insanların inkişafı onların bilik və bacarıqlarından asılıdır və hər bir kəs hiss etmək, düşünmək qabiliyyətinə malikdir. Dünya Səhiyyə Təşkilatı da bildirir ki, hökumətlər, vətəndaş cəmiyyəti qurumları, qeyri-hökumət təşkilatları, mütəxəssislər, əlilliyi olan şəxs və ailələrinin birgə çalışması sayəsində maneələrin öhdəsindən gəlmək mümkündür. Həyatda uğura doğru addımlamaq istəyərkən heç bir maneə səni yıxa bilməz. Təki sən istə, çalış və irəliyə doğru addımla...

Əlillik bir şəxsin xüsusiyyəti deyil, bu, daha çox sosial mühit tərəfindən yaradılmış şəraitin mürəkkəb bir toplusudur!

ABBASOVA KƏMALƏ MİRZƏAĞA QIZI

İnklüziv Təhsil üzrə mütəxəssis

Hüquqşünas, Sosial işçi, Təlimçi

Bütün xəbərlər Facebook səhifəmizdə