Dünya səyyahlarının Qarabağa səfəri çərçivəsində növbəti dayanacaq Xankəndi şəhəri olub. SİA xəbər verir ki, səyyahlar əvvəlcə Xankəndi şəhərinin mərkəzində olublar. Daha sonra onlar Qarabağ Universitetinə gələrək, ali təhsil ocağının fəaliyyəti və məqsədləri barədə məlumat alıblar. Qeyd olunub ki, Qarabağ Universiteti beynəlxalq əhəmiyyətə malik, çağdaş texnologiyalarla təchiz olunmuş müasir ali təhsil müəssisəsidir. Qonaqlara universitetin binası, infrastruktur imkanları, akademik proqramları və inkişaf perspektivləri haqqında ətraflı məlumat verilib.
Səyyahlar Qarabağ Universitetinin fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri, tədris proqramları və qəbul imkanları ilə yaxından tanış olublar.
Daha sonra Qarabağ Universitetinin akt zalında səyyahların və universitet tələbələrinin iştirakı ilə görüş keçirilib.
Çıxış edən Qarabağ Universitetinin Tədqiqat və İnnovasiya Mərkəzinin direktoru Ceyhun Məmmədov qonaqlara universitetin fəaliyyəti, məqsədləri və inkişaf istiqamətləri barədə məlumat verib. Bildirib ki, Qarabağ Universiteti elmi tədqiqat, innovasiya və beynəlxalq əməkdaşlıq sahəsində regionda mühüm rol oynayacaq.
ETIC (Extreme Traveler International Congress) səyyahlar klubunun rəhbəri Kolja Spori çıxışında vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə böyük uğurlar qazanıb. O, Qarabağ Universitetinin yaradılmasını yüksək qiymətləndirərək bildirib ki, bu təhsil ocağı bölgənin elmi və mədəni dirçəlişinə mühüm töhfə verəcək. Kolja Spori, həmçinin Qarabağda aparılan bərpa və tikinti işlərinin miqyasına heyran qaldığını qeyd edib.
Belçikanın Leuven Universitetinin Kulak İdarə Heyətinin sədri Patrick Maselis Qarabağ Universiteti ilə əməkdaşlığın Avropa akademik dairələri üçün yeni imkanlar açacağını vurğulayıb.
İrlandiyalı səyyah Richard Donovan isə Qarabağda gedən sürətli yenidənqurma prosesinin onu dərin təsirləndirdiyini bildirib. Qeyd edib ki, Qarabağ Universitetinin yaradılması böyük tarixi əhəmiyyət daşıyır, çünki bu ali məktəb regionun intellektual potensialını gücləndirəcək və gənclər üçün yeni üfüqlər açacaq.
Digər çıxış edənlər də Qarabağ Universitetinin fəaliyyətinin əhəmiyyətini vurğulayıb, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd ediblər. Onlar, həmçinin Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri barədə təəssüratlarını bölüşüblər.
Görüş tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə