“Cəbhədən fotolarla Çanaqqala döyüşləri” adlı sərgi və panel proqramı keçirilib YENİLƏNİB/FOTO
Bu gün Bakı Yunus Emre İnstitutu və Azərbaycan İstiqlal Muzeyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyi və Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazi İdarəsinin dəstəyi ilə Çanaqqala Döyüşlərinin 110-cu ildönümünə həsr olunmuş “Cəbhədən fotolarla Çanaqqala döyüşləri” adlı sərgi və panel proqramı keçirilib. SİA xəbər verir ki, Azərbaycan İstiqlal Muzeyində keçirilən tədbir iki qardaş ölkə — Azərbaycan və Türkiyənin ortaq tarixi yaddaşını, qəhrəmanlıq ənənələrini və milli mübarizə ruhunu bir daha xatırlatmaq məqsədi daşıyır.
Çanaqqala Döyüşləri Mobil Muzeyi layihəsi 2 iyul 2020-ci il tarixindən etibarən fəaliyyətə başlayaraq, Türkiyənin dörd bir yanında nümayiş etdirilməyə başlamışdır. Özünüzü sanki Çanaqqala Müharibəsi dövründə cəbhədəymiş kimi hiss etməyiniz, o ruhu yaşamağınız və həmin günlərə bir qədər də olsa şahidlik etməyiniz məqsədilə gerçəyə mümkün qədər yaxın şəkildə canlandırılmış bu layihə, müxtəlif amillər nəzərə alınaraq hazırlanmışdır. Layihə çərçivəsində müharibə dövrünə aid müxtəlif materiallar, videolar və döyüş obyektləri nümayiş etdirilən bu treyler; səs effekti, ab-havası və dizaynı ilə əbədiyaşar Çanaqqala ruhunu Türkiyənin və dünyanın dörd bir tərəfinə daşımağı hədəfləyir.
Tədbirdə Azərbaycan Respublikası Mədəniyət nazirinin müavini Murad Hüseynov, Türkiyə Respubliksının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Bakı Yunis Əmrə İnstitutunun müdiri Gökhan Seyhan, Çanaqqala Müharibələri Gelibolu Tarixi Ərazi İdarəsinin sədri İsmayıl Kaşdemir, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Musa Qasımlı, Tənzilə Rüstəmxanlı, Naqif Həmzəyev, Hikmət Məmmədov, Azərbaycan Respublikasının xalq şairi Sabir Rüstəmxanlı çıxış edərək Azərbaycan-Türkiyə əlaqələrindən və Çanaqqala savaşında qazanılmış tarixi zəfər haqqında bəhs etdilər.
Sonra tədbir panel hissə ilə davam etdi. Panel proqramında Türkiyədən Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazi İdarəsinin planlaşdırma və layihə qrup sədri Yusuf Kartal, Azərbaycandan isə Azərbaycan Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, t.ü.f.d., dosent Firdovsiyyə Əhmədova çıxış edərək Çanaqqala döyüşlərinin tarixi, strateji əhəmiyyəti və türk dünyasının birliyində oynadığı roldan danışıblar.
Proqram çərçivəsində iştirakçılar Çanaqqala Döyüşləri Mobil Muzeyini də ziyarət ediblər. Mobil muzeydə döyüşlərə dair orijinal fotoşəkillər, sənədlər və eksponatlar nümayiş olunur.
Sərgi və Mobil Muzey 25 oktyabr 2025-ci il tarixinə qədər Azərbaycan İstiqlal Muzeyində ziyarətçilər üçün açıq olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə