Suçiçəyi: səbəbləri, əlamətləri, müalicəsi və qarşısının alınması - MÜSAHİBƏ

Son vaxtlar valideynlər arasında uşaqlarda səpgilərlə müşayiət olunan virus infeksiyalarına dair narahatlıq artıb. Onlardan ən çox rast gəlinəni isə suçiçəyi – yəni variselladır. SİA xəbər verir ki, xəstəliyin necə yarandığı, uşaqlara necə keçdiyi və onlardan qorunma yolları barədə daha ətraflı öyrənmək üçün K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-neonatoloqu Nərmin Əzizova ilə söhbətləşdik.

– Nərmin xanım, bu suçiçəyi deyilən xəstəlik əslində nədir, uşaqlarda niyə olur?

Suçiçəyi uşaqlarda ən çox rast gəlinən virus xəstəliklərindən biridir. Onun törədicisi Varicella-zoster adlı virusdur. Xəstəlik adətən 2–10 yaş arası uşaqlarda yaranır, amma peyvənd olunmamış böyüklərdə də baş verə bilər. Bu virus bədəndə uzun müddət gizli qala və illər sonra zona (herpes zoster) kimi özünü göstərə bilər.

– Nərmin xanım, bu xəstəlik uşağa necə keçir, haradan yoluxur?

Suçiçəyi çox asan yayılır. Əsasən xəstə uşağın öskürməsi, asqırması və ya danışması zamanı virus hava ilə yayılır. Bəzən səpgilərə və ya qabarcıqlara toxunmaqla da yoluxmaq mümkündür. Hətta viruslu dəsmal, geyim və oyuncaqlar da keçici rol oynaya bilər.

– Nərmin xanım, suçiçəyinin gizli dövrü olurmu? Yəni uşaq yoluxur, amma bir müddət heç nə hiss etmir?

Bəli, olur. Buna “kuluçka dövrü” deyirik. Yəni virus orqanizmə daxil olur, amma hələ özünü göstərmir. Suçiçəyində bu dövr 10–21 gün çəkir. Uşaq bu müddətdə sağlam görünə bilər, amma virus artıq bədəndə çoxalır.

– Nərmin xanım, uşaqda suçiçəyi başlayanda ilk nələr görünür?

Əvvəlcə yüngül hərarət, halsızlıq, iştahsızlıq, bəzən burun axması olur. Bir-iki gün sonra səpgilər yaranır. Əvvəlcə qırmızı ləkələr kimi başlayır, sonra içi şəffaf maye dolu balaca qabarcıqlara çevrilir və bir neçə gün sonra qabıq bağlayır. Xəstəliyin özəlliyi ondadır ki, bədənin müxtəlif yerlərində eyni vaxtda həm yeni, həm də qabıqlı səpgilər olur.

– Nərmin xanım, bu səpgilər niyə bədəndə yayılır, hara qədər çıxır?

Əvvəlcə üz, sinə və başın tüklü hissəsində çıxır, sonra bütün bədənə yayılır. Bəzən ağızın içində, göz qapaqlarında və cinsiyyət orqanlarında da ola bilər. Səpgilər qaşınır, amma onları qaşımamaq vacibdir. Qaşımaq həm iz sala bilər, həm də bakterial infeksiya riski yaradır.

– Nərmin xanım, uşaq bu xəstəliyi kimə yoluxdura bilər, nə vaxta qədər yoluxdurur?

Uşaq səpgilər çıxmazdan iki gün əvvəl artıq yoluxdurucu olur. Yoluxduruculuq bütün səpgilər qabıq bağlayana qədər – yəni təxminən 5–10 gün davam edir. Bu müddətdə uşağı digər uşaqlardan, bağçadan və məktəbdən uzaq saxlamaq lazımdır.

– Nərmin xanım, evdə uşağa necə qulluq eləmək lazımdır, nələr etmək olmaz?

Uşaq evdə istirahət etməli, otaq tez-tez havalandırılmalıdır. Bol maye içmək, dırnaqları qısaltmaq, səpgiləri antiseptiklə təmizləmək vacibdir. Qaşınma üçün həkimin təyin etdiyi məlhəm və losyonlar istifadə oluna bilər. Aspirin vermək olmaz – bu, uşaqlar üçün təhlükəlidir. Uşaq tam sağalana qədər ictimai yerlərə getməməlidir.

– Nərmin xanım, bu antiviral dərmanlar haqqında çox eşidirik. Onlar hər uşağa lazımdırmı?

Xeyr, hər uşağa lazım deyil. Antiviral dərmanlar yalnız bəzi hallarda – 1 yaşdan kiçik körpələrdə, 10 yaşdan böyük uşaqlarda, immun sistemi zəif olanlarda və ağır xəstəlik keçirdənlərdə istifadə olunur. Əksər uşaqlarda simptomatik müalicə – yəni hərarətə, qaşınmaya və gigiyenaya nəzarət kifayətdir.

– Nərmin xanım, peyvənd bu xəstəliyin qarşısını doğrudan da alırmı?

Bəli, alır. Peyvənd suçiçəyinin qarşısını almağın ən etibarlı yoludur. Birinci doza 12–15 ayda, ikinci doza isə 4–6 yaşda vurulur. Peyvənd həm yoluxmanı azaldır, həm də xəstəlik baş verərsə, onu çox yüngül formada keçirir. Sadəcə hamilələrə və immunçatışmazlığı olan şəxslərə bu peyvənd vurulmur.

– Nərmin xanım, Ümumdünya Səhiyyə Təşkilatı bu barədə nə deyir?

ÜST bildirir ki, suçiçəyi çox yüksək yoluxuculuğa malikdir – bir evdə bir uşaq xəstələnərsə, peyvəndsiz digər uşaqların 60–100 faizi yoluxa bilər. Dünyada hər il 80 milyondan çox insan bu virusa yoluxur, minlərlə nəfər isə ağırlaşmalar səbəbindən həyatını itirir. Peyvənd proqramlarının tətbiqi bu rəqəmləri əhəmiyyətli dərəcədə azaldıb.

– Nərmin xanım, bəzən deyirlər ki, uşağın suçiçəyi çıxsa, yaxşıdır – immunitet yaranır. Bu fikrə necə baxırsınız?

Bəli, xəstəliyi keçirdikdən sonra orqanizmdə ömürlük immunitet yaranır, amma bu o demək deyil ki, uşağı bilərəkdən yoluxdurmaq lazımdır. Peyvənd eyni immuniteti verir, amma xəstəliyin ağırlaşma riskini ortadan qaldırır. Yəni peyvənd yolu daha təhlükəsizdir.

– Nərmin xanım, valideynlər çox soruşur: suçiçəyi çıxan uşaq çimizdirilə bilərmi?

Əgər uşağın hərarəti yoxdursa və vəziyyəti yaxşıdırsa, ilıq suda tez, yumşaq şəkildə yumaq olar. Sadəcə dəsmalla bədəni sürtmək olmaz, səpgiləri zədələməmək lazımdır. Su təmizliyi dəridə qaşıntını da azaldır.

– Nərmin xanım, uşaq bir dəfə suçiçəyi keçiribsə, yenidən keçirmə ehtimalı varmı?

Demək olar ki, yoxdur. Uşaq bir dəfə bu virusla yoluxduqdan sonra ömürlük immunitet yaranır. Lakin virus bədəndə gizli qala bilər və illər sonra zona xəstəliyinə səbəb ola bilər – bu, əsasən böyüklərdə baş verir.

– Nərmin xanım, evdə digər uşaqları necə qorumalıyıq?

Əgər evdə bir uşaq xəstələnibsə, digər uşaqların peyvənd statusunu yoxlamaq lazımdır. Yoluxmayan uşaqları ayrı otaqda saxlamaq, dəsmal və qab-qacaq kimi əşyaları paylaşmamaq vacibdir. Otaqları havalandırmaq və əlləri tez-tez yumaq da qoruyucu rol oynayır.

– Nərmin xanım, sonda valideynlərə nə məsləhət verərdiniz?

Ən vacib məsləhətim odur ki, valideynlər uşaqlarının sağlamlığı ilə bağlı məlumatları sosial şəbəkələrdə dolaşan “xalq üsullarından” deyil, etibarlı mənbələrdən alsınlar. Mən tövsiyə edərdim ki, hər zaman Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göstərişlərinə, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının və beynəlxalq tibbi protokolların tövsiyələrinə əsaslansınlar.

Bundan başqa, uşağında suçiçəyinin ilkin əlamətləri – hərarət, halsızlıq və səpgilər – müşahidə edilən kimi dərhal həkimə müraciət etmək lazımdır. Uşağı təhsil müəssisəsinə və ya ictimai yerlərə aparmaq olmaz, çünki bu, digər uşaqlar üçün yoluxma riski yaradır. Uşaq bütün səpgilər qabıq bağlayana qədər ev şəraitində qalmalı, istirahət etməli və həkimin göstərişlərinə əməl olunmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə