Professor Elşad Qurbanov: “Cənab Prezidentin səsləndirdiyi fikirlər bütün elm sahələri üçün aktual və istiqamətverici xarakter daşıyır” MÜSAHİBƏ
Bu günlərdə görkəmli botanik alim, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin büro üzvü, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Botanika və bitki fiziologiyası kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Elşad Qurbanovun 75 yaşı tamam olub. Ömrünü Azərbaycan elminin inkişafına, gənc nəslin təlim-tərbiyəsinə və milli kadr potensialınınformalaşmasına həsr etmiş Elşad Qurbanov yubileyi ərəfəsində keçdiyi şərəfli elm yolu, elmi-pedaqoji fəaliyyəti, Azərbaycanda biologiya elminin müasir çağırışları və gələcək inkişaf istiqamətləri, eləcə də müasir Azərbaycan elminin qarşısında duran vəzifələr və gələcək hədəflərlə bağlı suallarımızı cavablandırıb.
– Hörmətli Elşad müəllim, ötən 75 il ərzində keçdiyiniz elm yolunun əsas məqamlarından bəhs etməyinizi istərdik.
–Mən 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Biologiya fakültəsini bitirdikdən sonra Azərbaycan SSR Elmlər Akademiyasının Botanika İnstitutunda “Botanika” ixtisası üzrə aspiranturaya qəbul oldum. Diplom işimi böyük həvəslə yazmağıma baxmayaraq, ilkin mərhələdə təqdim olunan mövzu mənim elmi maraq dairəmə tam uyğun deyildi. Bu səbəbdən bir ildən sonra mövzunu dəyişərək “Naxçıvançay hövzəsinin florası, bitkiliyi və onun fitomeliorativ əhəmiyyəti” mövzusu üzərində işləməyə başladım. Naxçıvan bölgəsi mənə yaxşı tanış idi və bu ərazinin təbii şəraitinə bələd idim. Beləliklə, apardığımtədqiqatlar çərçivəsində Naxçıvan Muxtar Respublikasının əsas su arteriyalarından biri olan Naxçıvançay hövzəsinin florasını, ekoloji amillərini araşdırdım, eyni zamanda fitomeliorativ tədbirlərin həyata keçirilməsi üçün uyğun bitki növlərinin seçilməsi istiqamətində iş apardım.
Mən fəxr edirəm ki, Qafqaz florası və bitki örtüyünün tədqiqinə böyük töhfə vermiş görkəmli botanik alim, akademik A.Qrossheym elmi məktəbinin layiqli davamçısı kimi ciddi elm yolu keçmişəm. 1984-cü ildə dissertasiya işimi uğurla müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışam. 1982-ci ildə Bakı Dövlət Universitetində baş laborant vəzifəsində, sonradan BDU-nun Botanika və bitki fiziologiyası kafedrasında müəllim və baş müəllim kimi fəaliyyət göstərmişəm. 1992-ci ildən isə həmin kafedranın müdiri vəzifəsini icra edirəm.
Müəllimliklə yanaşı, elmi tədqiqat fəaliyyətindən heç zaman uzaqlaşmamışam. Daim ekspedisiyalarda, elmi ezamiyyətlərdə olmuş, çöl tədqiqatları aparmış, fundamental elmi araşdırmalarla məşğul olmuşam.
Onu da qeyd etməliyəm ki, elmi fəaliyyətimdə məni xüsusilə narahat edən məsələlərdən biri SSRİ Elmlər Akademiyasının akademiki Armen Taxtacyanın 1978-ci ildə nəşr olunmuş “Yer kürəsinin flora vilayətləri” kitabında Azərbaycanın adının xəritədən çıxarılması və həmin ərazilərin “böyük Ermənistan” adlandırılması olmuşdur. Bu fakt məni ciddi şəkildə düşündürürdü.
Məhz bu səbəbdən 1986-cı ildə tərəddüd etmədən “Atropatan əyalətinin flora və bitkiliyi (Azərbaycan Respublikası ərazisində)” mövzusunda dissertasiya işi üzərində çalışmağa başladım. Məlumdur ki, müasir Azərbaycan dövləti tarixi Atropatena dövlətinin varisidir. Həmin dövrdə bu mövzuda tədqiqat aparmaq asan deyildi, çoxsaylı elmi mübahisələrlə qarşılaşdım, lakin bütün çətinliklərə sinə gərərək mövqeyimi elmi faktlarla sübut etməyə çalışdım. Bu məqsədlə SSRİ-nin aparıcı kitabxanalarında oldum, Strabondan başlayaraq klassik və müasir dövr alimlərinin əsərlərinə qədər araşdırdım, ciddi faktlar əldə etdim. Nəticədə Atropatenanın qeyri-müəyyənliklərlə təqdim olunan xəritəsini müəyyənləşdirdim və həmin ərazinin flora və bitkiliyini elmi əsaslarla tədqiq etməyə nail oldum.
Aparılan araşdırmalar klassik və müasir coğrafiyaçı, tarixçi alimlərin əsərlərinə istinad etməklə Atropatanınnövəmələgəlmə mərkəzlərindən biri olan müstəqil flora əyaləti kimi mövcudluğunu elmi cəhətdən əsaslandırmağa imkan vermişdir.
1990-cı ildə doktorluq dissertasiyam faktiki olaraq hazır olsa da, həmin dövrdə müəyyən səbəblərdən müdafiəyə buraxılmadım. Süni maneələrin yaradılmasına baxmayaraq, geri çəkilmədim, fəaliyyətimi dayandırmadım. Nəhayət, 2004-cü ildə “Atropatan əyalətinin flora və bitkiliyi (Azərbaycan Respublikası ərazisində)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək biologiya elmləri doktoru elmi dərəcəsini aldım.
Müdafiənin təxirə salındığı dövrdə elmi və pedaqoji fəaliyyətimi daha da intensivləşdirdim. Bu illər ərzində bir sıra dərslik və tədris vəsaitləri hazırladım, o cümlədən “Ali bitkilərin sistematikası”, “Dərman bitkiləri” adlı kitablar yazdım, təxminən 40-a yaxın tədris proqramı tərtib etmişdim. Həmin illərdə nüfuzlu alimlər, akademiklər və tarixçilər tərəfindən bu mövzuda aparılan tədqiqatlar “yalnız vətənpərvər alimə xas olan elmi mövqe” kimi qiymətləndirilirdi. Mən də vətənpərvər alim kimi bu elmi mübarizəyə çıxaraq mövqeyimi müdafiə etdim, hədəfimə nail oldum.
– Bəs Azərbaycan elminə verdiyiniz ən mühüm töhfələri necə ümumiləşdirərdiniz?
– Mənim elmi fəaliyyətim əsasən Azərbaycanın flora biomüxtəlifliyinin və bitki örtüyünün öyrənilməsinə həsr olunub. Bu istiqamətdə elmə bir sıra yeniliklər gətirmişəm. Uzun müddət Azərbaycanda “səhra” tipli bitkiliyin mövcudluğu qəbul edilmirdi. Aparılan tədqiqatlar nəticəsində ilk dəfə olaraq morfoloji, ekoloji xüsusiyyətlərinə, dominant və subdominant növlərinə görə digər bitkilik tiplərindən fərqlənən “səhra” və “psevdomakki” bitkilik tiplərinin Azərbaycan Respublikası ərazisində yayıldığını elmi cəhətdən sübut etmiş, onları ölkənin bitkilik xəritəsinə daxil etmişəm.
Bununla yanaşı, Azərbaycan florası üçün onlarla bitki növünün yeni yayılma areallarını və göstəricilərini müəyyənləşdirmiş, neft və neft məhsulları ilə çirklənmiş torpaqların biorekultivasiyası ilə bağlı bir sıra elmi-praktik tədbirlər planı hazırlamışam.
Bunun əsas səbəbi ölkə ərazisini demək olar ki, bütövlükdə əhatə edən uzunmüddətli çöl tədqiqatlarımdır. Azərbaycanın müxtəlif bölgələrində bilavasitə apardığım müşahidələr sayəsində yeni növləri və ya yeni yayılma areallarını operativ şəkildə müəyyənləşdirərək elmi ədəbiyyata daxil etmişəm.
Eyni zamanda, ötən il Azərbaycan Milli Elmlər Akademiyasında təqdimatı keçirilmiş “Azərbaycanın bitki örtüyü” adlı kitabımda respublikanın bütün botaniki-coğrafi rayonları üzrə bitki örtüyü tiplərinin taksonları, onların yayılma arealları və müasir vəziyyəti sistemli şəkildə təqdim olunub. İllər ərzində topladığım materiallar və istinad etdiyim elmi mənbələr əsasında “Azərbaycanın bitki örtüyü” xəritəsi tərtib edilib. Həmin xəritələr təkcə botaniklər deyil, eyni zamanda təbiət elmləri sahəsində elmi-tədqiqat işləri aparan mütəxəssislər, müəllimlər, magistrantlar və gənc tədqiqatçılar üçün nəzərdə tutulub.
Nəşrdə bitki örtüyü tipləri formasiya qruplarına və assosiasiyalara bölünərək təqdim olunub, ölkənin zəngin və müxtəlif ekosistemləri ətraflı şəkildə təsvir edilib. Bu baxımdan kitab həm ixtisaslaşmış tədqiqatçılar, həm də elmi fəaliyyətə yeni başlayanlar üçün dəyərli məlumat və bilik mənbəyi hesab olunur.
Qeyd edim ki, ölkədə gedən elmi və ictimai proseslərdə də mən hər zaman fəal iştirak etmişəm. Azərbaycan Respublikasının “Qırmızı kitabı”nın iki cilddən ibarət II nəşrinin (2013) və III nəşrinin (2023) redaksiya heyətinin üzvü və tərtibatçılarından biri olmuşam. Bu fundamental nəşrin hazırlanmasında göstərdiyim xidmətlərə görə AMEA tərəfindən Fəxri Fərmanla təltif olunmuşam. Həmçinin apardığım elmi-tədqiqat işləri dəfələrlə mühüm elmi nəticə kimi AMEA-nın illik hesabatlarına daxil edilib.
Elmi fəaliyyətim ərzində 500-ə yaxın elmi əsərin (onlardan 200-dən çoxu xarici nəşrlərdə), 17 dərslik, dərs vəsaiti və monoqrafiyanın, 70-dən artıq tədris proqramı və metodik göstərişin, 16 ekoloji-geobotaniki xəritənin, 15 müəlliflik şəhadətnaməsinin, 1 patentin müəllifi, eləcə də 28 kitabın elmi redaktoru olmuşam.
Hazırda “Botanika”, “Mikologiya” və “Ətraf mühitin idarə edilməsi və bioloji monitorinq” ixtisasları üzrə magistrantların Dissertasiya Müdafiə Şurasının sədriyəm. Elmi rəhbərliyim və elmi məsləhətçiliyim altında 3 elmlər doktoru və 18 fəlsəfə doktoru dissertasiyası uğurla müdafiə olunmuşdur. Hazırda isə 5 doktorantın elmi rəhbəri, 3 elmlər doktorunun elmi məsləhətçisi kimi fəaliyyətimi aktiv olaraq davam etdirirəm.
Eyni zamanda,Azərbaycanda müasir dünya standartlarına cavab verən təhsil sisteminin formalaşdırılması prosesində öz əməyimi əsirgəməmiş, gənclərin həm savadlı mütəxəssis, həm də şəxsiyyət kimi yetişməsinə töhfə verməyə çalışmışam, uzun illər ərzində formalaşmış davamlı elmi məktəb yaratmışam. Sevindirici haldır ki, tələbələrim, davamçılarım bu gün ölkənin fərqli bölgələrində, müxtəlif məsul vəzifələrdə, o cümlədən dövlət qulluğu sahəsində uğurla fəaliyyət göstərirlər.
– Dövlət başçısı Cənab İlham Əliyevin AMEA-nın 80 illik yubiley tədbirində çıxışı zamanı Azərbaycan elminin gələcəyi ilə bağlı səsləndirdiyi əsas fikirləri, qarşıya qoyduğu vəzifələri bir alim kimi necə qiymətləndirirsiniz?
– Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı proqram xarakterli nitqində alimlər qarşısında mühüm vəzifələr irəli sürdü, çağırışlar etdi. Dövlət başçısı çıxışında ölkədə elmin bundan sonra da davamlı şəkildə inkişaf etdirilməsinin strateji əhəmiyyətini xüsusi vurğuladı.
Cənab Prezidentin yubiley yığıncağındakı məruzəsində elmlə təhsilin sıx vəhdəti, Azərbaycan dilinin elmi mühitdə qorunması və inkişaf etdirilməsi, eləcə də süni intellekt və müasir texnologiyaların elmi fəaliyyətə inteqrasiyası kimi məsələlər diqqəti xüsusilə cəlb edib. Düşünürəm ki, bu çağırışlar bütün elm sahələri üçün aktual və istiqamətverici xarakter daşıyır.
Eyni zamanda, ölkə başçısı bütün elm sahələrindən, xüsusilə geologiya və geofizika istiqamətində çalışan alimlərdən böyük gözləntiləri olduğunu qeyd edib. Azərbaycanda hələ də kəşf edilməmiş zəngin mədən ehtiyatlarının və təbii sərvətlərin mövcudluğunu vurğulayan cənab Prezident bu potensialın üzə çıxarılmasını məhz yerli geoloq və geofizik alimlərin üzərinə düşən mühüm vəzifə kimi dəyərləndirib.
Dövlət başçısı qeyd edib ki, xüsusilə Qarabağ və Şərqi Zəngəzur ərazilərində geoloji kəşfiyyat işləri böyük əhəmiyyət daşıyır. Bu regionlar sovet dövründə ya kifayət qədər tədqiq olunmayıb, ya da mövcud texnologiyalar həmin vaxt təbii resursları tam şəkildə öyrənməyə imkan verməyib. Bu gün isə müasir texnologiyalar, peyk müşahidələri və uzaqdan zondlama üsulları vasitəsilə təbii ehtiyatların, o cümlədən qeyri-ənənəvi neft yataqlarının fiziki müdaxilə olmadan müəyyənləşdirilməsi mümkündür.
Cənab Prezidentin göstərişi ilə artıq bir neçə aydır Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı geoloji işlər aparılır. Azərbaycan alimləri və aidiyyəti dövlət qurumlarıbu prosesə fəal şəkildə cəlb olunaraqmüvafiq tapşırıqları icra edirlər. Ölkə başçısı çıxışı zamanı həm də nəzərə çatdırıb ki, yaxın aylarda bu istiqamətdə mühüm nəticələrin əldə olunacağı gözlənilir:“Qızıl, gümüş, mis və polimetal yataqlarının aşkarlanması və istismarı ölkə iqtisadiyyatına ciddi töhfə verəcək, eyni zamanda Qarabağ və Şərqi Zəngəzurda yeni iş yerlərinin yaradılmasına şərait yaradacaq”.
Prezident çıxışında bərpaolunan enerji layihələrinə də xüsusi diqqət yetirib, alternativ enerjini müasir dövrün əsas tələblərindən biri kimi dəyərləndirib. Aydındır ki, ənənəvi istilik enerjisindən istifadənin həm iqtisadi baxımdan baha başa gəlməsi, həm də ətraf mühitin çirklənməsinə səbəb olması bu sahədə ciddi problemlər yaradır. Məhz buna görə bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.Bu baxımdan hesab edirəm ki, artıq Azərbaycan alimləri tərəfindən alternativ enerji mənbələri üzrə elmi əsaslandırılmış layihələrin hazırlanaraq dövlət başçısına təqdim edilməsinin vaxtı yetişib.
Dövlətimizin başçısı çıxışında daha bir vacib məqama toxunub: çar Rusiyası dövründə tərtib edilmiş xəritələrdə ellərimiz, obalarımız, dağlarımız, dərələrimiz, meşələrimiz, çöllərimiz hamısı türk mənşəli adlarla göstərilib, lakin sonrakı dövrlərdə bunların əksəriyyəti dəyişdirilib. Ölkə Prezidenti qeyd edib ki, dilçilər, tarixçilər, etnoqraflar və arxeoloqlar bu sahədə geniş tədqiqatlar aparmalı, müstəqil Azərbaycan dövlətinin tarixi ilə bağlı sanballı elmi əsərlər yazmalı və dünyaya sübut etməlidirlər ki, bu ərazilər Azərbaycan torpaqlarıdır. Bu sahə təxminən 500 min kvadrat kilometr ərazini əhatə edir.
Prezident, həmçinin vurğulayıb ki, siyasi hadisələr nəticəsində – Gülüstan və Türkmənçay müqavilələri ilə – zaman-zaman Azərbaycan torpaqları kiçildilib, fərqli din və məzhəb sahibləri həmin ərazilərə yerləşdirilib. Lakin dövlət başçısının dediyi kimi, Azərbaycan xalqının yolu Zəngəzur və Qərbi Azərbaycandan keçir: insanlar ora silahla və tanklarla deyil, şəxsi avtomobilləri ilə gedərək dədə-baba yurdlarını gəzəcək, əraziləri müşahidə edəcək və əzizlərinin ruhları qarşısında hörmətini göstərəcək. Bu, xalqımız üçün böyük əhəmiyyət kəsb edən bir məsələdir.
Əlbəttə ki, Azərbaycan zəngin bioloji müxtəlifliyə, əlverişli torpaq-iqlim şəraitinə və geniş təbii resurs potensialına malik ölkələr sırasındadır. Bu sərvətlərin elmi əsaslarla öyrənilməsi, qorunması və səmərəli istifadəsi həm ekoloji təhlükəsizliyin təmin olunması, həm də ölkənin iqtisadi inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.
Düşünürəm ki, neftin tükənən təbii resurs olması səbəbindən post-neft dövrünə hazırlıq bu gün elmi və iqtisadi siyasətin əsas prioritetlərindən biri olmalıdır. Bu kontekstdə aqrar sahənin inkişafı neftdən asılılığın azaldılmasında mühüm rol oynaya bilən strateji istiqamətlərdəndir. Azərbaycanın torpaq və su ehtiyatlarının tərkibi və ekoloji xüsusiyyətləri bir çox ölkələrdən fərqlənir, bu da istehsal olunan kənd təsərrüfatı məhsullarının keyfiyyətinə birbaşa təsir göstərir. Yüksək keyfiyyətli və ekoloji cəhətdən təmiz məhsullar həm daxili, həm də xarici bazarlarda rəqabət qabiliyyətinə malikdir və bu sahənin ölkəyə ciddi gəlir gətirə biləcək potensialı vardır.
Bu baxımdan, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər xüsusilə biologiya və aqrar elmlərinin qarşısında da mühüm vəzifələr müəyyən edir. Təbii ehtiyatların elmi əsaslarla tədqiqi, innovativ yanaşmaların reallaşdırılması və əldə olunan nəticələrin ölkənin sosial-iqtisadi inkişafında tətbiqi bu sahədə əsas prioritetlərdəndir.
Hesab edirəm ki, cənab Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley tədbirində səsləndirdiyi fikirlər Azərbaycan elminin gələcək inkişaf prioritetlərini aydın şəkildə müəyyən edir. Dövlət başçısının nitqində elmin milli maraqlara xidmət etməsi və ölkənin strateji inkişaf məqsədləri ilə vəhdətdə fəaliyyət göstərməsi xüsusi vurğulanıb. Bu baxımdan, ölkəmizin flora və fauna ehtiyatlarının elmi əsaslarla, kompleks və sistemli şəkildə dərindən araşdırılması qarşıda duran ən mühüm və zəruri vəzifələrdən biridir.
Güman edirəm ki, Azərbaycanın hər bir vətəndaşı, hər bir gənci dövlət başçısınınAzərbaycan alimləri və bütövlükdə cəmiyyətimizin qarşısına qoyduğu vəzifələri layiqincə yerinə yetirəcək, Vətənimizin daha da inkişaf etməsinə, çiçəklənməsinə töhfə verəcək.
– Müasir dövrdə süni intellekt və rəqəmsal texnologiyalar digər sferalarda olduğu kimi, biologiya elminin inkişafına da ciddi təsir göstərməkdədir. Sizcə bu texnologiyaların Azərbaycanda biologiya elmində, xüsusilə flora biomüxtəlifliyinin öyrənilməsi və qorunması sahəsində səmərəli tətbiqi hansı yeni imkanlar yarada bilər?
–Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə, o cümlədən elm və təhsil sektorunda rəqəmsallaşmaya, süni intellektin tətbiqinə xüsusi diqqət yetirilir. Rəqəmsal texnologiyaların və süni intellektin elmin müxtəlif sahələrində geniş tətbiqi məlumatların toplanması, işlənməsi və idarə olunmasında inqilabi yeniliklərə yol açmışdır. Bu proses biologiya elmi, xüsusilə flora və fauna ehtiyatlarının öyrənilməsi baxımından mühüm strateji əhəmiyyət kəsb edir. Rəqəmsal platformaların yaradılması və məlumat bazalarının formalaşdırılması tədqiqatların effektivliyini artırmaqla yanaşı, ekosistemlərin monitorinqi və biomüxtəlifliyin qorunması sahəsində də yeni imkanlar açır.
Eyni zamanda, süni intellekt texnologiyalarının tətbiqi biologiya elminə, xüsusilə bitki və heyvan növlərinin identifikasiyası, yayılma areallarının proqnozlaşdırılması və ekoloji risklərin qiymətləndirilməsi sahəsində innovativ yanaşmaların istifadəsinə şərait yaradır. Məlumatların analizi və modelləşdirilməsi süni intellekt alqoritmləri vasitəsilə daha sürətli və dəqiq həyata keçirilir, bu da ölkənin bioloji ehtiyatlarının elmi əsaslarla idarə olunması və qorunması üçün strateji üstünlük verir.
Məlumdur ki, SSRİ-nin tərkibində olmuş və sonradan müstəqillik qazanmış bir çox ölkə öz ərazilərinin flora və fauna tərkibi ilə bağlı fundamental elmi nəşrləri yenidən hazırlayaraq müasir elmi yanaşmalar əsasında çap etdirmişdir. Bu sahədə Azərbaycanda müəyyən boşluqların mövcudluğu diqqəti cəlb edir və həmin boşluqların aradan qaldırılması aktual elmi vəzifələrdən biridir. Halbuki Azərbaycan florası növ müxtəlifliyi, endemik bitkilərin zənginliyi və unikal ekoloji xüsusiyyətləri ilə seçilir. Bu bitkilərin endemiklik səviyyəsinin, eləcə də nəsli kəsilmə təhlükəsi ilə üzləşib-üzləşmədiyinin elmi əsaslarla və dəqiq şəkildə araşdırılması olduqca vacibdir.
Bitkilərin yayılma arealları, ekoloji xüsusiyyətləri, yayılma dinamikası, antropogen təsirlərə həssaslığı və nəsli kəsilmə riskləri nəzərə alınmaqla sistemli məlumatların hazırlanması və rəqəmsallaşdırılması qarşıda duran əsas elmi vəzifələrdəndir. Bu istiqamətdə müəyyən işlər artıq həyata keçirilmişdir. Belə ki, tərtib etdiyimiz “Azərbaycanın bitki örtüyü” kitabı və “Azərbaycanın bitki örtüyü xəritəsi” uzun illər – 40 ildən artıq müddət ərzində sistemləşdirilməmiş bitkilik tiplərinin müasir vəziyyətinin tədqiqinə həsr olunmuş fundamental elmi işlərdir. Bu tədqiqatlar çərçivəsində bitkilik tiplərinin Azərbaycanın bütün botaniki-coğrafi rayonlarında yayılması araşdırılmış, onların elmi-botaniki təsviri hazırlanmış və hər bir taksonun koordinatları dəqiqləşdirilərək xəritələşdirilmişdir.
Bundan başqa, şəxsi tədqiqat nəticələri və müasir informasiya texnologiyalarından istifadə etməklə ilk dəfə olaraq Azərbaycanda rast gəlinən 18 bitkilik tipinin yayılma əraziləri müəyyən edilmişdir. Nəticədə, “Azərbaycanın bitki örtüyü xəritəsi”, “Azərbaycanın botaniki-coğrafi rayonlarının xəritəsi” və 20-yə yaxın müxtəlif botaniki-coğrafi rayon üzrə ekoloji-geobotaniki xəritələr hazırlanaraq çap olunmuşdur. Bu işlər ölkəmizin flora və bitkilik ehtiyatlarının elmi əsaslarla öyrənilməsi, qorunması və gələcəkdə rəqəmsal bioloji məlumat bazalarının yaradılması baxımından böyük elmi əhəmiyyətə malikdir.
– Elşad müəllim, Bakı Dövlət Universitetində uzunillik fəaliyyətiniz dövründə biologiya sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm xidmətləriniz olmuşdur. Bu istiqamətdə gördüyünüz işlər, formalaşdırdığınız elmi məktəb və əldə olunan nəticələr barədə düşüncələrinizi bölüşməyinizi istərdik.
– Qeyd etdiyim kimi, 1982-ci ildən Bakı Dövlət Universitetində fəaliyyət göstərirəm. 1992-ci ildən isə BDU-nun Biologiya fakültəsinin Botanika və bitki fiziologiyası kafedrasına rəhbərlik edirəm. Hazırda 30-a yaxın əməkdaşın çalışdığı kafedrada 4 elmlər doktoru fəaliyyət göstərir ki, bu da kafedranın elmi potensialını və kadr hazırlığı sahəsindəki imkanlarını nümayiş etdirir. Kafedrada aparılan elmi-tədqiqat işləri müasir biologiya elminin aktual istiqamətlərini əhatə edir və əldə olunan nəticələr AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin illik hesabatlarında mütəmadi olaraq mühüm elmi nailiyyətlər kimi yüksək qiymətləndirilir.
Eyni zamanda, hazırda Qarabağ regionunun florasıvə bitkiliyinin öyrənilməsi istiqamətində məqsədyönlü tədqiqatlar aparılır. Bu işlər işğaldan azad edilmiş ərazilərin bioloji müxtəlifliyinin bərpası, ekoloji vəziyyətinin qiymətləndirilməsi və təbii ehtiyatlarının səmərəli istifadəsi baxımından xüsusi önəm daşıyır. Aparılan elmi araşdırmaların nəticələrinin yaxın zamanda fundamental elmi kitab şəklində çap olunması nəzərdə tutulur.
Uzun illər ərzində pedaqoji və elmi fəaliyyətim çərçivəsində 20-dən artıq gənc alimin yetişdirilməsində yaxından iştirak etmişəm. Sevindirici haldır ki, rəhbərliyim altında dissertasiya işlərini müdafiə etmiş doktorant və dissertantların böyük əksəriyyəti hazırda müxtəlif dövlət qurumlarında məsul vəzifələrdə çalışaraq ölkənin elmi və idarəetmə potensialına töhfə verirlər.
Yetişdirdiyim alimlər arasında xarici ölkə vətəndaşlarının (İran İslam Respublikası və Misir Ərəb Respublikası) da olması xüsusi qeyd olunmalıdır. Belə ki, rəhbərliyim altında iranlı gənc tədqiqatçının apardığı elmi araşdırmalar nəticəsində “Səvalan” adlandırılan, xəstəliklərə qarşı yüksək davamlılığa malik yeni kartof sortu əldə edilmişdir. Hazırda bu sort geniş ərazilərdə əkilib-becərilir və aqrar sahədə praktik tətbiq baxımından mühüm əhəmiyyət daşıyır. Bu fakt elmi tədqiqatların real istehsalat və ölkənin iqtisadi maraqları ilə uzlaşdırılmasının uğurlu nümunəsidir.
– Son zamanlar ölkəmizdə elm və təhsilin inteqrasiyası istiqamətində həyata keçirilən tədbirləri qənaətbəxş hesab etmək olarmı? Bu prosesin daha səmərəli təşkili üçün hansı addımların atılmasını zəruri hesab edirsiniz?
–Hazırda ölkəmizdə elm və təhsilin inteqrasiyası istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bir neçə il əvvəl AMEA-nın institut və təşkilatlarının bir qisminin Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsinə və mövcud elmi potensialdan daha səmərəli istifadə olunmasına xidmət edən mühüm addım idi. Bu qərar elm və təhsilin qarşılıqlı əlaqəsinin gücləndirilməsi və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Ümumilikdə, elm və təhsilin inteqrasiyası sahəsində görülən işlər təqdirəlayiqdir və artıq praktik nəticələrini verməkdədir. Bu yanaşma tələbələrə yalnız nəzəri biliklərlə kifayətlənməməyə, eyni zamanda təcrübi sahədə bilik və bacarıqlar əldə etməyə geniş imkan yaradır. Auditoriyalarda keçirilən dərslərdən fərqli olaraq, tələbələrin elmi-tədqiqat institutlarında aparılan real elmi işlərlə yaxından tanış olması onların ixtisaslaşma prosesinə və peşəkar kadr kimi formalaşmasına müsbət təsir göstərir.
Bununla yanaşı, Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş institutlarda fəaliyyət göstərən tədqiqatçı alimlərin universitetlərdə tədris prosesinə cəlb olunması da mühüm nəticələr verir. Bu, elmi biliklərin birbaşa tədrisə transferini təmin etməklə yanaşı, təhsil prosesinin məzmununun zənginləşdirilməsinə və müasir elmi nailiyyətlərin tələbələrə daha operativ şəkildə çatdırılmasına şərait yaradır.
Şəxsi təcrübəmə gəldikdə isə, Botanika və bitki fiziologiyası kafedrasına rəhbərlik etdiyim dövrdə 70-ə yaxın magistrantın elmi rəhbəri olmuşam. Onların elmi-tədqiqat işlərinin hazırlanması, metodik istiqamətləndirilməsi və dissertasiya işlərinin müdafiəsi prosesində yaxından iştirak etmişəm. Eyni zamanda, 200-ə yaxın magistrantın dissertasiya işlərinin müdafiəsində Müdafiə Şurasının sədri qismində fəaliyyət göstərmişəm. Bu müddət ərzində gənc alim və mütəxəssislərin peşəkarlığının artırılmasına və elmi biliklərinin dərinləşdirilməsinədəstək vermişəm.
Bu fəaliyyətlər yalnız mənim pedaqoji və elmi işimlə bağlı deyil, həm də ölkədə elm və təhsilin inteqrasiyasının real nəticələrinin formalaşmasına, gənc kadrların hazırlanmasına verdiyim töhfələrin bariz nümunəsidir. Hesab edirəm ki, gənc alimlərin, yüksəkixtisaslı kadrların yetişdirilməsi və onların elmi potensialının artırılması, həm akademik mühitin inkişafı, həm də Azərbaycan elminin uğurlu gələcəyinin təmin olunması baxımından strateji əhəmiyyət kəsb edir.
Müsahibəni apardı: Nərgiz Qəhrəmanova, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB