“WUF13 Azərbaycanın qlobal şəhərsalma gündəliyində rolunu gücləndirdi” - ANAR QULİYEV

“Bu gün Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə siyasətlərini uzlaşdırmaq istiqamətində ardıcıl səylərinin davamıdır”.

SİA xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev forumun yekun mətbuat konfransında deyib.

O bildirib ki, forum son illər ərzində aparılan milli müzakirələrin qlobal səviyyəyə çıxmasının bariz nümunəsidir və Azərbaycana göstərilən beynəlxalq etimadın göstəricisidir.

Anar Quliyev qeyd edib ki, WUF13 genişmiqyaslı iştirakla yadda qalıb: “Forumda təxminən 50 min nəfər fiziki, 3 500 nəfər isə onlayn formatda iştirak edib, 400-dən çox tədbir keçirilib”.

Onun sözlərinə görə, tədbirdə 125 ölkədən 400-ə yaxın spiker çıxış edib, onlardan 340-ı beynəlxalq iştirakçılar olub.

Komitə sədri vurğulayıb ki, forum çərçivəsində BMT-Habitat tarixində ilk dəfə “Liderlər Bəyanatı” sessiyası təşkil olunub və bu təşəbbüs Prezident İlham Əliyevnin təşəbbüsü ilə reallaşıb.

O əlavə edib ki, 127 dövlət və hökumət başçısının iştirakı qlobal şəhərsalma gündəliyinə verilən güclü siyasi dəstəyi nümayiş etdirib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə