İkitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyindəki məsələlər müzakirə edilib - YENİLƏNİB/FOTOLAR
Oktyabrın 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə görüşüb. SİA xəbər verir ki, Ceyhun Bayramov və Marqus Tsahkna arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
Görüşlərdə Azərbaycan-Estoniya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində yer alan aktual məsələlər, habelə regional və qlobal məsələlər müzakirə edilib. Ölkələrimiz arasında siyasi dialoqun və qarşılıqlı səfərlərin davam etdirilməsi, hüquq-müqavilə bazasının gücləndirilməsi və eləcə də parlamentlərarası təmasların intensivləşdirilməsi imkanları xüsusunda fikir mübadiləsi aparılıb.
BMT, ATƏT və Avropa İttifaqı təsisatları çərçivəsində ölkələrimizin legitim maraqlarına hörmət və qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb. Bu çərçivədə, əməkdaşlıq əlaqələri nəzərdən keçirilib.
Azərbaycan ilə Estoniya arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivlərinə toxunulub, qarşılıqlı ticarət və investisiyaların artırılması üçün böyük potensialın mövcud olduğu bildirilib. Ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrinin vacibliyi vurğulanıb. Rəqəmsal iqtisadiyyat, bərpa olunan enerji və bağlantılar sahələrində əməkdaşlığın tam potensialından faydalanmaq üçün ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyanın fəaliyyətinin aktivləşdirilməsinin əhəmiyyəti qeyd olunub. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə danışılıb.
Söhbət zamanı nazir Ceyhun Bayramov həmkarına Azərbaycan-Ermənistan normallaşma prosesi barədə son inkişaflar barədə məlumat verib, bu çərçivədə, Vaşinqton Zirvəsinin nəticələri və sülh müqaviləsinin paraflanmasının tarixi əhəmiyyəti qeyd edilib. Regionda daimi sülhün bərqərar edilməsi və sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasından ölkəmizə qarşı ərazi iddialarının çıxarılmasının zəruriliyi vurğulanıb.
Görüşlərdən sonra birgə mətbuat konfransı təşkil olunub, nazirlər görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə