İnsanlar niyə bəhsə-bəhs etməkdə maraqlıdır? - SORĞU

Uğurlu insanlar sağlam rəqabət ilə irəliləyən insanlardır. Onlar özlərini başqaları ilə deyil, öz keçmişi ilə müqayisə edirlər. Bu mənfi vərdişi dayandırın. Başqalarının uğurlarını və ya necə olduğu ilə özünüzü müqayisə etdiyiniz zaman daxilən özünüzü narazı hiss edəcəksiniz. Səbəb isə müqayisə etməyə başladığınız zaman şüuraltı olaraq onların sizdən daha yaxşı olduğuna inanmağa başlayırsız. Həmçinin başqalarının həyatları, arzuları və reallıqları arxasınca qaçdıqda siz artıq əlinizdə olan uğurlarınızı və nəaliyyətlərinizi görməzdən gəlirsiz. Bəs görəsən insanlar bu mövzuda nələri düşünür? SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik:

Şəhər sakini Samir Əliyev: “Rəqabət belə olmamalıdır. İnsanlar fəqli üsullarla da rəqabət apara bilərlər. Yaxşılıq o qədər azalıb ki, qarşımıza bir insan çıxıb bizə yaxşılıq edəndə biz buna məəttəl qalırıq. Lakin bu belə də olmalıdır insanlar bir-birinin paxıllığını çəkməli yox, bir-birinə yaxşılıq etməlidir. Ümumiyyətlə Allah bəndəsi Allah bəndəsinə qarşı diqqətli olmalıdır, yaxşılıq etməlidir".

Şəhər sakini Səlimə Ağayeva: “İnsanlarla yaxşı mənada rəqabət aparmaq olar, yəni təhsil və s. kimi mövzularda rəqabət aparmaq çox yaxşı bir haldır. Çünki, insanlar yeni bilgilər alırlar, öyrənirlər. Buna görə də rəqabət bu yöndə getsə daha yaxşı olar. Lakin insanlar hansısa dünya malı üzərində rəqabət aparırlarsa bu çox mənasız olur. Əgər insan həmin malı istəyirsə, yəni özü istəyirsə kiminsə bəhsinə almırsa bu yaxşıdır, amma filankəs nəsə aldı mən də alım mənim də olsun bu doğru deyil”.

Şəhər sakini Dayandur Sevgin: “Məncə, insanların bir-biri ilə yaxşı mənada bəhsə girməsi elə də pis bir hal deyil. İnsanların “o filan bir şeyi etdi, mən də edim” deməsi yaxşıdı, amma heç nə etməyib evdə oturan insanın “o niyə bacardı, mən bacara bilmədim” deməyi doğru deyil. Məsələn mən “Yazıçılar İttifaqı”nda işləyirəm, orada biri hansısa əsəri yazır, digəri deyir ki, “mən də yaxşı bir əsər yazacam”. Ədəbiyyatda elədir ki, heç kim heç kimin qələmini əlindən almır. Hərənin öz qələmi var və özü də yaza bilər. Lakin yaza bilməyənlər, yazanlara başqa prizmadan yanaşmağa başlayırlar”.

Şəhər sakini Aygün Həsənova: “İnsanlar özlərini bir-biriləri ilə müqayisə etməməlidir. Çünki, insan özünü sevsə, başqasının ömrü, həyat tərzi ona maraqlı ola bilməz. İnsan özünə zaman ayırsa, öz uğurlarına baxsa həyatında müvəffəqiyyətləri daha çox olar”.

Şəhər sakini Sakit Rəhimov: “Bu bizim millətdə adət halına gəlib. Çünki, lap əvvəllər də insanlar belə edirdilər, əsasən də paxıl insanlar daha çox belə düşünür. İnsanlar “Onun nəyisə varsa deməli mənim də olmalıdır” düşüncəsi ilə yaşayırlar. Hər hansısa bir insanın ikinci bir evi varsa deməli digərinin də olmalıdır. Maddi vəziyyəti düşünmürlər ki, mən axı o qədər varlı deyiləm ki, ikinci bir evi alım. Şöhrət xatirinə hər kəs bir-biri ilə bəhs edir”.

Şəhər sakini Lalə Şahbazlı: “Fikrimcə, insana həyat bir dəfə verilir, kiminsə düşüncəsi və davranışları ilə yaşamağa dəyməz. Çünki, hər kəsin öz həyatı və düşüncə tərzi var. Hər bir insan da eyni işdə çalışmır ki, eyni şeyləri alsın, insanların həyatları kimi maddi durumu da fərqlidir. Ona görə kiminsə inadına və bəhsinə hərəkət etmək düzgün deyil”.

Şəhər sakini Nəriman Quliyev: “Gələcəyini düşünən insan yaxşı mənada bəhsə girməlidir. Heç kim istəməz ki, pis həyat tərzi keçirsin. Bir insan əgər görsə ki, kiminsə həyatı daha gözəldi və problemləri azdı, o da özünü ona oxşatmağa çalışır ki, daha yaxşısını əldə etsin. Buna görə də mən düşünürəm ki, bəhsə girmək yaxşı bir haldır”.

Şəhər sakini Xatirə Əliyeva: “Bu tamamilə paxıllıqdan qaynaqlanır. Bəlkə də yaxşı bir şey üçün paxıllıq etmək düzgündür. Ancaq başqalarının etdiklərini qısqanıb onların inadına belə davranışlar etmək düzgün deyil. Əgər mən nəyisə istəyirəmsə bunu özüm istədiyim üçün etməliyəm. Kimsə fikri və düşüncəsi ilə hərəkət etmək ağılsızlıqdır”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə