Fiziologiya İnstitutunda soyqırımı qurbanları anılıb

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. İnstitutdan SİA-ya bildirilib ki, onlayn tədbirdə elmi müəssisənin direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova Xocalı soyqırımının dəhşətlərini, ağır nəticələrini, Azərbaycan xalqına vurulan maddi və mənəvi zərərləri barədə həqiqətləri diqqətə çatdırıb.

İnstitutun ümumi işlər üzrə direktor müavini Könül İbrahimova 44 günlük Vətən müharibəsində qurumun əməkdaşlarının cəbhəyanı ərazilərə gedərək Azərbaycan Ordusunun əsgər və zabitlərinə mənəvi dəstək olmasından söz açıb. O, müharibənin Azərbaycanın tam qələbəsi ilə başa çatmasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi və sarsılmaz qətiyyəti, ordumuzun şəxsi heyətinin cəsarəti və xalqın birliyinin böyük rol oynadığını vurğulayıb. Qeyd edib ki, Milli qəhrəmanlarımızı gənc nəslə daha yaxından tanıtmaq, onlara vətənpərvərlik ruhu aşılamaq, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini əbədiləşdirmək üçün Fiziologiya İnstitutunda guşə yaradılıb.

Sonra Hüceyrənin morfofunksional plastikliyi laboratoriyasının müdiri, biologiya elmləri doktoru Fəxrəddin Əskərov tarixin müxtəlif dönəmlərində xalqımızın üzləşdiyi soyqırımlardan, Xocalıda törədilən faciələrdən söz açıb.

Mərasimdə Təbii mənşəli heroprotektorların farmakologiyası laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Xanağa Babayev, Uzunömürlülüyün fiziologiyası laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sevinc Hüseynova, Gənc alim və mütəxəssislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Zenfira Qədimova çıxış edərək ermənilərin Azərbaycanda törətdikləri bu soyqırımın dünyada ən qanlı cinayətlərdən biri olduğunu bildirib, erməni yalanlarını ifşa etməyin vacibliyini vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...