"Azərbaycanın əsas ticarət tərəfdaşı qismində İtaliyanın mövqeyini TAP daha da möhkəmləndirəcək"

Trend-in İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari ilə özəl müsahibəsi

Azərbaycanla İtaliya arasında ticarət münasibətləri

“Trans-Adriatik boru kəmərinin (TAP) istifadəyə verilməsi ilə ölkələrimiz arasında ticarətin həcmi əhəmiyyətli dərəcədə artacaq. İtaliya təkcə neft üzrə Azərbaycanın birinci ticarət tərəfdaşı olmayacaq, həm də Türkiyədən sonra təbii qazın ikinci ən böyük idxalçısı olacaq. Biz əminliklə deyə bilərik ki, bu, Azərbaycanın əsas ticarət tərəfdaşı qismində İtaliyanın mövqeyini daha da möhkəmləndirəcək. Eyni zamanda İtaliya Azərbaycanla böyük ticarət kəsirinə də malikdir. Ona görə də biz növbəti bir neçə ili İtaliya şirkətlərinin Azərbaycanda mövqelərinin möhkəmləndirilməsi üçün vacib imkan kimi nəzərdən keçiririk”.

Səfir qeyd edib ki, Azərbaycan iqtisadiyyatının artması ilə orta təbəqə də artır və bu, minlərlə ixracatçı şirkət üçün yeni imkanlar yaradır: “Mən 2018-ci ilin iyulunda İtaliya prezidentinin Azərbaycana rəsmi səfəri zamanı Sumqayıt polipropilen zavodunun birgə açılışını xatırlatmaq istərdim. Bu, qarşılıqlı uğurun və möhkəm tərəfdaşlığın əsaslandığı qarşılıqlı əməkdaşlıq növüdür”.

TAP layihəsi enerji əməkdaşlığının yeni səhifəsi kimi

A.Massari bildirib ki, TAP layihəsinin reallaşdırılması plana uyğun davam edir və yanvarın sonuna olan vəziyyətə görə, layihənin 92 faizi başa çatıb: “Boru kəmərinin İtaliya seqmentində işlər sürətlə davam edir. Biz ilk Azərbaycan qazının payızda İtaliyaya daxil olmasını gözləyirik. Layihənin İtaliya və Aİ-yə qaz tədarükünün şaxələndirilməsində və təmiz enerjiyə keçidin sürətləndirilməsində rolunu nəzərə alaraq İtaliya hökuməti uzun illər ərzində bu layihəni dəstəkləyib”.

Səfir deyib ki, İtaliya böyüklüyünə görə Avropada ikinci istehsal sektoruna malikdir, amma ehtiyacı olduğu enerji həcminin çox kiçik hissəsini istehsal edir: “TAP-ın ilkin qaz tədarükü həcmləri tələbatın müəyyən hissəsini qarşılasa da, bizim bazar daha çox tələb edə bilər. Mən bilirəm ki, bununla bağlı bir neçə variant, o cümlədən Trans-Anadolu boru kəməri mövcuddur, amma yəqin ki, bu məsələ ilə bağlı müzakirələr ilkin mərhələdədir”.

Energetika çərçivəsindən kənara çıxan əməkdaşlıq

Səfirin sözlərinə görə, Azərbaycan şaxələndirmənin və daha çox şəffaflığın üstünlüklərindən ticarət və sənaye inkişafı baxımından yararlana bilər: “İtaliya öz növbəsində sənaye sahəsindəki təcrübəsi sayəsində bütün sektorlarda kömək təklif edə bilər. Ona görə də biz prezidentimizin Azərbaycana səfərindən sonra sadə, amma ambisiyalı konsepsiya işə saldıq: “Neft və qaz hüdudlarından kənarda”. Bununla belə, biz başa düşürük ki, idxal sayəsində, eləcə də Azərbaycanda işləyən İtaliya şirkətləri sayəsində hasilat sənayesi diqqət mərkəzində qalacaq”.

A.Massari qeyd edib ki, kənd təsərrüfatı əməkdaşlığın ən perspektivli əsas sahələrindəndir: “Təkcə 2019-cu ildə bizim bu sahədə bir çox vacib nailiyyətlərimiz olub. Bu sektorda məşğul olan bir çox şirkətlər beşinci gün Romada keçiriləcək biznes forumda iştirak edəcək”.

Səfir deyib ki, bərpa olunan enerji mənbələri, suyun və torpağın rekultivasiyası və ekoloji təmiz texnologiyalar sahəsində də çox iş görmək olar: “Biz infrastruktur sahəsində də vacib imkanlar görürük və bu sahədə Azərbaycan böyük ambisiyalar nümayiş etdirir. Bundan başqa, yaradıcılıq və dizayn sahəsini də diqqətdən kənar qoymaq lazım deyil. Bir neçə ay əvvəl Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində Azərbaycan-İtaliya Dizayn Mərkəzi açılıb. Bu, Qafqazda dizayna həsr olunmuş ilk akademik mərkəzdir”.

İnvestisiya imkanları

“Fikrimcə, əgər neft-qaz sektorunun hüdudlarından kənara baxsaq, xarici iştirakçıların gələcək investisiyaları üçün nəhəng potensial görərik. Biz Azərbaycanda işgüzar mühitin yaxşılaşması məqsədilə hökumət tərəfindən keçirilən islahatları diqqətlə izləyirik. Yaxşı logistika da investisiyalara xidmət edir və mən hökumət tərəfindən görülən səyləri qiymətləndirirəm. Liman sənayesinə gəldikdə isə qeyd edim ki, İtaliyanın “DBA Group” şirkəti bir neçə il ərzində Ələt terminalında IT infrastrukturunun yaradılması üçün Bakı limanına kömək edib”.

Azərbaycanın Aİ ilə münasibətlərinin möhkəmlənməsində İtaliyanın rolu

Səfir bildirib ki, iki ölkənin münasibətləri iqtisadi amillə məhdudlaşmır: “Bu münasibətlər bir neçə əsr əvvəl yaranıb və bu gün xalqlar arasındakı dostluqla, qarşılıqlı turist axınının artması ilə, azərbaycanlıların “Made in İtaly” məhsullarına və İtaliya həyat tərzinə sevgisi ilə, eləcə də italyan mədəniyyətinə artan marağı ilə xarakterizə olunur. İtalyan dili Bakıda üç universitetdə tədris olunur. Daha çox italiyalı Azərbaycanı həm mədəni istiqamət, həm də iş yeri kimi qiymətləndirir. İtaliya Azərbaycanın Aİ ilə münasibətlərinin möhkəmlənməsi üçün səy göstərir. Bu baxımdan Aİ ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişinin imzalanması əsas məqsəddir. Bundan başqa, Azərbaycanın NATO ilə tərəfdaşlığını unutmaq lazım deyil. Bizim əsas məqsədlərimiz təkcə ikitərəfli xarakter daşımır: biz Bakının Avropa ölkələri və təşkilatları ilə möhkəm və qarşılıqlı səmərəli əlaqələri dəstəkləmək niyyətini görürük, qiymətləndiririk və dəstəkləyirik”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...