Səkkiz ayda 109 min körpə doğulub

Dövlət Statistika Komitəsinin əhali və gender statistikası şöbəsi yeni məlumat açıqlayıb. Məlumata əsasən, bu ilin 8 ayında Azərbaycanda 109 min körpə dünyaya gəlib. Komitədən bildirilib ki, onların 53,2 faizini oğlan, 46,8 faizini isə qızlar təşkil edir. Körpələrin 1970-i əkiz, 63-ü üçəmdir. Ötən il isə bu göstərici 170,5 min olub. Hesablamalara görə, 2014-cü ildə doğulan uşaqlar üçün gözlənilən ömür uzunluğu 74,2 yaş, o cümlədən oğlanlarda 71,6, qızlarda isə 76,8 yaş təşkil еdir.

Son illərdə ölkədə körpə ölümü nəzərəçarpacaq dərəcədə azalıb. Belə ki, ötən əsrin 60-cı illərində körpə ölümü hər 1000 nəfər diri doğulana orta hesabla 49,1, 90-cı illərdə 28,2 olduğu halda, 2014-cü ildə bu göstərici azalaraq 10,2 olub.

2015-ci ilin əvvəlinə olan məlumata görə, ölkədə uşaqlara tibbi xidmət göstərən 251 poliklinika, ambulatoriya və uşaq şöbəsi olan müəssisələrdə 4 min həkim-pediatr çalışıb. Cari ilin əvvəlinə ölkədə idman seksiyalarında məşğul olan uşaqların sayı 349,4 min nəfər olub. Uşaqlar daha çox futbol, voleybol, şahmat, yüngül atletika, sərbəst güləş, basketbol və stolüstü tennis kimi idman növlərinə maraq göstərirlər.

Ölkədə xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsi sahəsində də mühüm tədbirlər həyata keçirilir. Aztəminatlı ailələrdəki uşaqların rifahını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədilə dövlət tərəfindən sosial müavinət və yardımlar təyin olunur. Ölkədə 9,9 min ailədə olan 19,2 min uşağa aylıq sosial müavinət təyin edilib. Bu müavinətləri alan uşaqların 70 nəfəri şəhid ailələrinin, 17,8 mini müharibə əlillərinin, 1,1 mini I və II qrup Çernobıl AES əlillərinin, 230 nəfəri isə müddətli xidmətdə olan hərbi qulluqçuların uşaqları olub. Həmçinin, sağlamlıq imkanları məhdud olan 65,6 min uşağa və 6 min 176 ailənin 1 yaşınadək olan 6 min 228 uşağına aylıq sosial müavinətlər verilib. Bundan əlavə, 117,5 min aztəminatlı ailənin 252,1 min nəfər 18 yaşadək üzvü ünvanlı dövlət sosial yardımı alıb.

Hazırda Azərbaycanda 1706 məktəbəqədər təhsil müəssisəsi, 4 min 475 gündüz ümumtəhsil məktəbi, 113 peşə məktəbi və peşə liseyi, 61 orta ixtisas təhsil müəssisəsi, 53 ali məktəb fəaliyyət göstərir. Mədəniyyət və Turizm Nazirliyi sisteminin klub müəssisələrində 2 min 260 uşaq dərnəkləri və kollektivləri, 80 uşaq kitabxanası və 237 uşaq musiqi incəsənət və rəssamlıq məktəbləri fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə