Türk sivilizasiyası dünya tarixində dövlətçilik ənənələri olan nəhəng bir fenomendir - ŞƏRH

Türk dünyasının qlobal güc mərkəzinə çevrilməsi təkcə liderlərin siyasi iradəsi və ya iqtisadi layihələrlə olmaz. Bunun üçün xalqların bunu özümüzmüş kimi qəbul etməsi, ictimai təməllərin möhkəm olması şərtdir. Azərbaycan TDT-yə sədrlik edən ölkə kimi üzv dövlətlərin vətəndaş cəmiyyəti təsisatları arasında ictimai ünsiyyəti gücləndirməyi prioritet elan edib. QHT-lər elə bir çevik mexanizmdir ki, dövlətlərarası inteqrasiyanı xalqların gündəlik həyatına, birgə fəaliyyətinə çevirir. Biz indi rəsmi diplomatiya ilə yanaşı, güclü bir “ictimai diplomatiya” xətti də qururuq. Bunu AZƏRTAC-a açıqlaması zamanı “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova deyib.

Onun sözlərinə görə, 2025-ci ilin noyabrında Azərbaycanın təşəbbüsü ilə Bakıda və Naxçıvanda TDT-yə üzv ölkələrin QHT-lərinin I Həmrəylik Forumu keçirildi – bu, tarixdə ilk dəfə idi.

“Forumun ən böyük praktiki nəticəsi isə TDT üzv ölkələrinin QHT Platformasının yaradılması oldu. Qürurvericidir ki, bu platformaya ilk rəhbərlik Azərbaycana həvalə olundu və onun daimi qərargahı da Bakıda yerləşir. Prezident İlham Əliyevin həmin forumun iştirakçılarına müraciəti bizim üçün yol xəritəsidir. Dövlət başçısı bildirib ki, türk dövlətlərinin artan potensialı daha iddialı məqsədlər qoymağı və çevik mexanizmlər yaratmağı zəruri edir. Həmçinin Azərbaycan tarix, mədəniyyət, ekologiya və iqlim siyasəti kimi sahələrdə birgə qrant müsabiqələri elan etməyə və ortaq layihələri maliyyələşdirməyə hazırdır. Bu, vətəndaş cəmiyyətinə ən yüksək səviyyədə verilən strateji dəstəkdir. Son yeddi ay ərzində Türk dünyası QHT-ləri artıq ikinci dəfədir Azərbaycanda bir araya gəlir. Azərbaycan QHT Agentliyinin təşkilatçılığı və platformanın tərəfdaşlığı ilə keçirilən II Həmrəylik Forumu “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində baş tutdu. Coğrafiyamız xeyli genişləndi – forumda 8 qardaş ölkə və qurumdan (Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstan) vətəndaş cəmiyyəti təmsilçiləri iştirak etdi. Bu forumda, həmçinin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Türk dünyasında ilk dəfə Bakıda keçirilməsi yüksək dəyərləndirildi və qonaqlar bu tarixi uğur münasibətilə Azərbaycanı təbrik etdilər”, - deyə Mahirə Əmirhüseynova vurğulayıb.

Birlik sədri əlavə edib ki, II Forum çərçivəsində ilk dəfə Azərbaycan-Qırğızıstan, Azərbaycan-Türkmənistan və Azərbaycan-Şimali Kipr QHT-lərinin I Əməkdaşlıq forumları keçirilib: "Biz bu təcrübəni addım-addım inkişaf etdiririk. 2022-ci ildə Türkiyə ilə, 2023-2024-cü illərdə Füzuli və Daşkənddə Özbəkistan ilə, 2025-ci ildə isə Qazaxıstan ilə analoji forumlar keçirmişik. Bu regional və ikitərəfli şəbəkələşmə, Türk dünyası QHT-lərinin gələcəkdə BMT və digər qlobal beynəlxalq qurumlar çərçivəsində vahid cəbhədən, əlaqəli və güclü şəkildə çıxış etməsi üçün əvəzsiz fundamental bir bazadır. Türk sivilizasiyası dünya tarixində dərin fəlsəfəsi və dövlətçilik ənənələri olan nəhəng bir fenomendir. Bu irsin qorunması baxımından Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı tarixi əhəmiyyət daşıyır. Birinci Türkoloji Qurultay vaxtilə xalqlarımızın mədəni inteqrasiyasında dönüş nöqtəsi olmuşdu. Dövlət başçısı Qazaxıstandakı Zirvə görüşündə növbəti şad xəbəri verdi - bu ilin iyununda Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən “Türk dünyası həftəsi” keçiriləcək. Bu tədbir təkcə elmi-mədəni elita üçün yox, bütövlükdə xalqlarımızın mənəvi birliyi üçün əlamətdar hadisə olacaq. Azərbaycanın QHT Agentliyi də bu prosesin önündə gedir – türk dövlətləri ilə ikitərəfli və çoxtərəfli əsasda yeni birgə qrant müsabiqələri elan etməyə tam hazırdır. Biz ideyadan əmələ keçirik”.

Bütün xəbərlər Facebook səhifəmizdə