Yeni istilik qaydaları mənzil bazarını necə dəyişəcək? - AQC SƏDRİ AÇIQLADI

Nazirlər Kabineti "Çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən hallar"ı təsdiq edib. Belə ki, çoxmənzilli yaşayış binalarında mənzillər üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına yalnız müəyyən hallarda icazə veriləcək. Bu hallar binanın azmərtəbəli (5 mərtəbəyədək) olması, yerləşdiyi ərazidə qaz təchizatının nəzərdə tutulmaması, eləcə də istilik təchizatının fərdi qaydada bərpa olunan enerji mənbələri hesabına təmin edilməsi hallarını əhatə edir.

Qərara əsasən, bu sistemlər yalnız müəyyən hallarda, o cümlədən 5 mərtəbəyədək binalarda layihələndirilə biləcək. Halbuki son illərdə tikilən yeni yaşayış binalarının əksəriyyətində fərdi istilik sistemi kimi kombi nəzərdə tutulur.

Qərar kombi sistemi olan mövcud və planlaşdırılan binalara necə təsir edəcək, ümumilikdə yeni tikinti və mənzil bazarında hansı dəyişikliklərə səbəb ola bilər?

Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc SİA-ya açıqlamasında bildirib ki, bu tələblər yalnız bundan sonra layihələndiriləcək yeni binalara şamil olunur:

“Hüquqi baxımdan hər hansı normativ aktın geriyə qüvvəsi yoxdur. Nazirlər Kabinetinin qərarında da açıq şəkildə göstərilir ki, yeni tikililər artıq yeni normativlərə uyğun layihələndirilməlidir. Mövcud binalarda fərdi istilik sistemləri istifadədə qalacaq. Lakin yeni qaydalara əsasən bəzi binalarda fərdi sistemlərin tətbiqi üçün texniki imkanlar məhdud ola və ya ümumiyyətlə nəzərdə tutulmaya bilər. Bu halda yeni binalarda mərkəzləşdirilmiş istilik və digər alternativ sistemlər layihə mərhələsində nəzərdə tutulmalıdır. İlk növbədə tikinti xərclərinin artması amili var. Çünki mərkəzləşdirilmiş istilik sistemləri əlavə infrastruktur tələb edir. Buraya həm idarəetmə xərcləri, həm qazanxananın saxlanılması, həm də texniki xidmət xərcləri daxildir. Əvvəllər kombi sistemlərində vətəndaş yalnız istifadə etdiyi qədər xərc ödəyirdi. Yeni sistemdə isə daimi xidmət, idarəetmə və texniki baxım xərcləri formalaşa bilər. Əgər bina düzgün izolyasiya olunmayıbsa və enerji səmərəliliyi aşağıdırsa, aylıq xərclər daha da arta bilər ki, bu da sakinlər üçün əlavə maliyyə yükü yaradacaq. Digər tərəfdən, yeni normativlərə uyğun tikilən binalar daha təhlükəsiz və texniki baxımdan daha müasir olacaq. Xüsusilə qaz təhlükəsizliyi baxımından mərkəzləşdirilmiş sistemlərin üstünlükləri var. Uzunmüddətli perspektivdə bu dəyişikliklər daha komfortlu və təhlükəsiz yaşayış şəraiti yarada bilər. Lakin qısa müddətdə mənzil qiymətlərinin və yaşayış xərclərinin artması ehtimalı var. Ümumilikdə, şəhər yaşayışında əvvəlki daha ucuz model tədricən dəyişir və daha çox xidmət əsaslı, daha bahalı, amma eyni zamanda daha təhlükəsiz və komfortlu yaşayış modelinə keçid baş verir. Yeni qaydalar yeni layihələrdə və tikililərdə həm layihələndirmə, həm də tikinti yanaşmasını dəyişəcək. Bu, prinsip etibarilə daha komfortlu, daha təhlükəsiz və binaların görünüşü baxımından müasir standartlara uyğun tikililərin inşasını təşviq edən yanaşmadır. Eyni zamanda bu model vətəndaşların təhlükəsizliyinin daha yaxşı təmin olunmasına, vahid mərkəzdən istismar xidmətlərinin göstərilməsinə və digər kommunal ehtiyacların daha sistemli şəkildə qarşılanmasına imkan yaradacaq. Bu isə faktiki olaraq binaların peşəkar idarəetmə sisteminin formalaşması deməkdir. Əgər gələcəkdə binaların idarə olunması ilə məşğul olan ayrıca peşəkar şirkətlər və ya idarəetmə strukturları formalaşarsa, bu, ümumilikdə şəhərsalmada yeni yanaşmanın bir hissəsinə çevriləcək. Bu model daha çox müasir urbanizasiya prinsiplərinə əsaslanır. Bu dəyişikliklər bazarda da ciddi transformasiya yaradacaq. Çünki zaman keçdikcə köhnə tikililər söküləcək və onların yerində yeni normativlər əsasında inşa edilən binalar tikiləcək. Bu gün müasir hesab etdiyimiz bəzi yeni tikililər də gələcəkdə köhnə fonda çevriləcək. Onların yerini isə artıq daha yüksək standartlara cavab verən, yeni layihələndirmə prinsipləri ilə tikilən və A, B, C enerji səmərəliliyi pasportlarına malik binalar tutacaq. Yəni bazar mərhələli şəkildə yenilənəcək və alıcı seçimi getdikcə daha çox enerji səmərəliliyi, təhlükəsizlik, idarəetmə keyfiyyəti və yaşayış komfortu kimi meyarlar üzərində formalaşacaq".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə