Vərəsələr olmadığı təqdirdə mirasın taleyi necə olur? - AÇIQLANDI

Təcrübədə tez-tez rast gəlinən suallardan biri də budur: “Əgər şəxsin heç bir vərəsəsi yoxdursa, onun əmlakı kimə keçir?”
Mülki Məcəllənin 1165.1-ci maddəsinə əsasən, əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə mövcud deyilsə, yaxud mövcud vərəsələrin hamısı mirasdan imtina edibsə və ya vərəsəlik hüququndan məhrum olunublarsa, həmin əmlak “vərəsəsiz əmlak” hesab edilir və dövlətə keçir. Başqa sözlə, dövlət bu halda miras əmlakının hüquqi varisi qismində çıxış edir. Belə hallarda əmlakla bağlı hüquqi müəyyənlik prinsipi təmin edilir.

Bu sözləri SİA-ya açıqlamasında vəkil Səma Əhmədova deyib.

O bildirib ki, dövlət həmin əmlakı qəbul etməklə həm əmlak dövriyyəsinin sabitliyini qoruyur, həm də mülki hüquq münasibətlərində boşluğun yaranmasının qarşısını alır:

“Mülki Məcəllənin 1266-cı maddəsi isə bu mexanizmi daha da dəqiqləşdirir. Həmin maddəyə əsasən, dövlət ona keçmiş mirası qəbul etməkdən imtina edə bilməz. Bu norma xüsusi hüquqi əhəmiyyət daşıyır. Çünki adi vərəsələrdən fərqli olaraq dövlətin seçim hüququ yoxdur. Miras avtomatik olaraq dövlət mülkiyyətinə keçir və dövlət həmin əmlakla bağlı hüquq və vəzifələrin daşıyıcısına çevrilir.

Nəticə etibarilə, Azərbaycan qanunvericiliyi vərəsəsiz qalan əmlakın hüquqi taleyini dəqiq müəyyən etmişdir. Vərəsələrin olmadığı və ya onların mirası qəbul etmədiyi hallarda əmlak dövlətə keçir və dövlət bu mirası qəbul etməkdən imtina edə bilmir. Bu yanaşma hüquqi sabitliyin, əmlak münasibətlərində davamlılığın və ictimai maraqların qorunmasına xidmət edir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə