Etibarnamə tələbinin ləğvi hüquqi və praktiki baxımdan nə dərəcədə mümkündür? - EKSPERT AÇIQLADI

Avtomobillərin etibarnamə ilə idarə olunması məsələsi son illər yenidən müzakirə mövzusuna çevrilib. Rəqəmsal xidmətlərin genişləndiyi və nəzarət sistemlərinin elektronlaşdığı bir dövrdə bir çoxları bu tələbin artıq köhnəldiyini düşünür. Xüsusilə ailə üzvlərinin və yaxın şəxslərin bir-birinin avtomobilini idarə etməsi üçün notariat prosedurlarından keçməsi birmənalı qarşılanmır. Bəs görəsən, etibarnamə tələbinin ləğvi hüquqi və praktiki baxımdan nə dərəcədə mümkündür?

Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı SİA-ya açıqlamasında bildirib ki, bunun ləğvi üçün imkan var:

"Bu, praktik olaraq mümkündür. Sadəcə kimlərsə bunu biznes maraqları ilə ölçür və ləğv etmək istəmir. Amma ümumiyyətlə götürsək, bu gün etibarilə bunun ləğvi heç bir problem yaratmır. Xüsusilə burada qeyd etməliyik ki, avtomobil idarə etmək üçün verilən etibarnamədən söhbət gedir. Əgər burada idarə etmək hüququ verən etibarnamədən söhbət gedirsə, bunu ləğv etmək olar. Amma başqa etibarnamə də var ki, nəqliyyat vasitəsinə sərəncam vermək hüququ yaradır. Bu artıq bir qədər fərqli məsələdir. Ona görə düşünürəm ki, baş etibarnamə ilə bağlı məsələlər ləğv olunmaya bilər. Yalnız ümumiyyətlə götürsək, sürmək, yəni idarə etmək üçün etibarnamənin ləğv edilməsindən danışa bilərik.

Bu da praktik olaraq mümkündür. Bunun üçün sadəcə müəyyən təkmilləşdirmə işləri aparmaq lazımdır ki, vətəndaş sadəcə bir düyməni basıb sükan arxasına keçə bilsin. Hazırda sistemdə sürücünün məlumatlarını daxil etdikdən sonra qeyd edilsin ki, artıq həmin şəxs avtomobili idarə edir və s. Belə məsələlər olmalıdır. O baxımdan düşünürəm ki, bunu həll etmək olar.

Bu elə də ciddi problem yaratmaz. Sadəcə bizim yanaşmamız bir qədər məhdud olur və hər şeyi böyük problemə, konfliktə, keçilməz bir yola çeviririk. Amma mən düşünürəm ki, bunu həll etmək o qədər də ağır məsələ deyil və ciddi problem də yaratmaz".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə