Çində avtomobil bazarında müşahidə olunan geriləmə və neft qiymətlərinin artması dünya bazarında yeni qiymət dəyişiklikləri ilə bağlı narahatlıq yaradıb. Ekspertlər bildirirlər ki, bu proses Azərbaycanda da xüsusilə Çin istehsalı avtomobillərin qiymətinə təsir göstərməyə başlayıb. Son bir ildə bəzi modellərin qiyməti təxminən 15 faizə qədər artıb. Bəs yaxın aylarda avtomobil almaq istəyənləri nə gözləyir, qiymətlər daha da arta bilərmi?
Çin avtomobillərinin 15% bahalaşmasının əsas səbəbi nədir? Hazırda Azərbaycanda ən çox hansı avtomobillərdə qiymət artımı müşahidə olunur? Çin avtomobillərinə maraq azalıb, yoxsa hələ də yüksəkdir?
Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov SİA-ya açıqlamasında bildirib ki, avtomobillərin qiymətlərinin müəyyən dərəcədə dəyişməsi daimi xarakter daşıya bilər:
“Çünki rəqabət prinsipi ilə fəaliyyət göstərən nəqliyyat vasitələrinin çoxu istər xarici ölkələrdə, istərsə də yerli şirkətlər tərəfindən sağlam rəqabət şəraitində bazara təqdim edilməlidir və burada əsas prinsip rəqabətlilikdir.
Məsələn, Çin istehsalı olan hər hansı bir nəqliyyat vasitəsinin həm qiymət baxımından, həm də digər prosedur qaydalarında tənzimlənməsi bazarda hərəkətverici rol oynayır. Əsas arqument isə qiymətlərin əlçatan olması və vətəndaşların bu avtomobillərə rahat çıxış imkanının təmin edilməsidir.
Bu gün dünyanın inkişaf etmiş ölkələrində nəqliyyat vasitələrinin ilk növbədə qiymətlərinin vətəndaşlar üçün münasib olması əsas şərtlərdən biri hesab olunur. Çünki hər hansı bir nəqliyyat vasitəsinin qiyməti yüksək olarsa, sürücü və ya alıcı həmin avtomobili almaqdan çəkinəcək. Heç kim baha avtomobil almaq istəmir.
Bunun bir neçə səbəbi var. Əsas səbəblərdən biri isə baha nəqliyyat vasitələrinin rentabelli, yəni iqtisadi cəhətdən əlverişli hesab olunmamasıdır. Ona görə də Çin avtomobillərinə olan maraq, tələb və təklifdən, eləcə də avtomobillərin özünü praktikada necə göstərməsindən asılıdır.
Yaxşı avtomobil yaxşı perspektiv vəd edir, pis avtomobil isə pis perspektiv yaradır. Bu baxımdan bütün bu məsələlər bir-biri ilə əlaqəlidir və ümumi mənzərəni formalaşdırır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB