İnsanlar niyə aqressivləşir? - PSİXOLOQ AÇIQLADI

“Son dövrlərdə cəmiyyətdə aqressiyanın artdığını çox açıq şəkildə müşahidə edirik. İnsanlar daha tez əsəbiləşir, konfliktlər artır, sosial münasibətlərdə dözümsüzlük hiss olunur. Bu vəziyyət təkcə fərdi problem deyil, artıq sosial-psixoloji problemə çevrilməkdədir”.

Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.

O bildirib ki, aqressiyanın artmasının bir neçə əsas səbəbi var:

“İlk növbədə, uzunmüddətli stress faktoru insanların psixikasına ciddi təsir edir. Maddi çətinliklər, işsizlik qorxusu, sosial qeyri-sabitlik, gələcəklə bağlı narahatlıq insanlarda daxili gərginlik yaradır. İnsan psixikası uzun müddət stress altında qaldıqda emosional tükənmə başlayır və nəticədə ən kiçik hadisəyə belə aqressiv reaksiya verilə bilir.

İkinci mühüm səbəb emosional savadsızlıqdır. Təəssüf ki, bir çox insan hisslərini düzgün ifadə etməyi bacarmır. Qəzəb, inciklik, qorxu və ya narahatlıq sağlam şəkildə ifadə olunmadıqda aqressiya formasında ortaya çıxır. İnsanların böyük hissəsi “emosiyanı idarə etmə” bacarığını uşaqlıqdan öyrənməyib.

Burada ailə faktorunun da rolu böyükdür. Aqressiv mühitdə böyüyən uşaqlar problemi dialoqla deyil, sərt davranışla həll etməyə meylli olurlar. Uşaq valideynlərin davranış modelini kopyalayır. Əgər evdə qışqırıq, təhqir və ya fiziki zorakılıq normallaşdırılırsa, gələcəkdə həmin insan da konfliktlərə aqressiv yanaşa bilər.

Sosial şəbəkələrin təsiri də danılmazdır. Bu platformalarda insanlar davamlı olaraq neqativ informasiya, nifrət dili, aqressiv müzakirələr və müqayisələrlə qarşılaşırlar. İnsan beyni uzun müddət neqativ kontentə məruz qaldıqda emosional həssaslıq artır və bu da davranışlara təsir edir.

Digər tərəfdən, cəmiyyətdə empatiyanın azalması müşahidə olunur. İnsanlar bir-birini dinləməkdənsə, daha çox hökm verməyə və qarşı tərəfi ittiham etməyə meyllidirlər. Empatiya zəiflədikcə aqressiv münasibətlər artır.

Bəzən insanlar aqressiyanı güc göstəricisi hesab edir. Xüsusilə bəzi sosial stereotiplər kişilərdə emosiyanı zəiflik kimi təqdim edir və nəticədə insan öz ağrısını, qorxusunu və ya yorğunluğunu aqressiya ilə ört-basdır edir.

Psixoloji baxımdan aqressiya hər zaman “pis insan” olmaq demək deyil. Çox vaxt bu, yığılan stressin, emosional yorğunluğun və daxili gərginliyin nəticəsidir. Amma problem ondadır ki, idarə olunmayan aqressiya həm insanın özünə, həm ailəsinə, həm də cəmiyyətə ciddi zərər verir.

Bu problemin həlli üçün ilk növbədə psixoloji maarifləndirmə gücləndirilməlidir. İnsanlara emosiyalarını tanımaq, düzgün ifadə etmək və stressi idarə etmək öyrədilməlidir. Ailədaxili münasibətlərdə sağlam ünsiyyət formalaşdırılmalı, uşaqlara emosional təhlükəsizlik hissi verilməlidir.

Eyni zamanda insanlar psixoloqa müraciəti zəiflik kimi deyil, psixi sağlamlığa qayğı kimi qəbul etməlidirlər. Necə ki, fiziki sağlamlıq üçün həkimə gedirik, psixoloji gərginlik zamanı da mütəxəssis dəstəyi almaq normaldır.

Unutmayaq ki, sağlam cəmiyyət sağlam psixologiyadan başlayır. İnsanlar bir-birinə qarşı daha anlayışlı, daha empatik və daha səbirli olduqda aqressiyanın səviyyəsi də azalacaq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə