BDYPİ: Təhlükəsizliyimizə etinasız yanaşma bərpası olmayan itkilərə yol aça bilər
Məcburi dayanma zamanı sürücülərin təhlükəsizlik qaydalarına riayət etməməsi qeydə alınan ağır yol-nəqliyyat hadisələrinin səbəbləri içərisində xüsusilə diqqət çəkir.
Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
“Problemin aktuallığını nəzərə alaraq, bir daha sürücülərin diqqətinə çatdırırıq ki, məcburu dayanma zamanı mütləq qaydada zəruri təhlükəsizlik tədbirləri görülməli, o cümlədən qəza dayanma nişanı qurulmalı, qəza işıq siqnalı yandırılmalı, yaxud yanıb-sönən qırmızı işıq fənəri qoyulmalı, yol-nəqliyyat hadisəsi zamanı başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda isə hadisəni sənədləşdirməyə imkan verən qeydlər aparmaqla yolun hərəkət hissəsi boşaldılmalıdır”, - deyə məlumatda vurğulanıb.
Xatırladaq ki, qəza dayanma nişanı nəqliyyat vasitəsinin arxa, zərurət olduqda isə, həm də qabaq tərəfində, həmin zolaqda, nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə elə quraşdırılmalıdır ki, yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin sürücüləri onu kifayət qədər məsafədən görə bilsinlər. Yaşayış məntəqələrində hərəkət intensiv olduqda, qəza dayanma nişanı daha yaxın məsafədə və ya bilavasitə nəqliyyat vasitəsinin üstündə qoyula bilər. Bunun üçün yanıb-sönən qırmızı işıqlı portativ fənərdən də istifadə edilə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB