Yuxu və texnologiya: uşaqların davranışındakı aqressiyanın səbəbi

"Telefon və digər rəqəmsal cihazlardan həddindən artıq istifadə uşaqlarda yuxu pozuntularına və davranış dəyişikliklərinə səbəb ola bilir. Xüsusilə gecə saatlarında ekran qarşısında qalmaq melatonin hormonunun ifrazını azaldır və yuxuya getməyi çətinləşdirir. Bəzi valideynlər isə bunun əksini bildirirlər. Belə ki, telefon istifadəsi məhdudlaşdırıldıqdan sonra uşaqların gecə yuxusu daha tez normallaşır, aqressiv davranışlarda isə azalma müşahidə olunduğunu deyirlər. Bəs valideynlərin fikiri nə dərəcədə əsaslıdı?". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.
Sözügedən mövzu ilə bağlı açıqlama verən psixoloq son illərdə uşaqların həyatında rəqəmsal cihazların, xüsusilə telefon, planşet və televizorun rolu sürətlə artdığını, ekran asılılığı yarandığını söyləyib. O, bildirib ki, bu cihazlar həm öyrənmə, həm də əyləncə məqsədilə istifadə olunsa da, onların həddindən artıq, düzgün tənzimlənməyən istifadəsi uşaqlarda yuxu pozuntularına və davranış dəyişikliklərinə səbəb ola bilir. "Xüsusilə gecə saatlarında ekran qarşısında qalmaq melatonin hormonunun ifrazını azaldır. Melatonin yuxuya getmək üçün əsas hormondur və bu hormonun azalması uşaqların gecə yuxusuna getməsini çətinləşdirir. Bunun nəticəsində uşaqlar ya gec yatır, ya da yuxu müddəti kifayət qədər uzun olmur. Yuxu, uşaqların inkişafının əsas və təməl ünsürüdür. Erkən uşaqlıq dövründə beyinin əsas fəaliyyəti yuxudur. Yuxu müddəti və keyfiyyəti körpəlikdən başlayaraq fərqlilik göstərir və yaş artdıqca həm yuxu müddəti, həm də aktiv yuxu miqdarı azalır. Sağlam yuxu uşaqların fiziki böyüməsi, nevroloji və davranış inkişafı, toxuma yenilənməsi və immunitet funksiyalarının güclənməsi üçün kritik əhəmiyyət daşıyır. Araşdırmalar göstərir ki, gecə vaxtı ekran istifadəsi ilə uşaqların yuxu keyfiyyəti arasında birbaşa əlaqə mövcuddur. Valideynlərin müşahidəsi də bu elmi nəticələri təsdiqləyir. Bir çox valideyn qeyd edir ki, telefon və planşet istifadəsi məhdudlaşdırıldıqdan sonra uşaqlar daha tez və rahat yuxuya gedir, həmçinin gündəlik davranışlarda xüsusilə aqressivlik və həyəcan səviyyəsində azalma müşahidə olunur", - deyə psixoloq Yeganə Əsgərova fikrini tamamlayıb.

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə