“Psixoloji rifah, stressin idarəsi və balanslı münasibətlər əmək təhlükəsizliyinin əsasıdır” -ORXAN MƏMMƏDOV

“Azərbaycan və ümumilikdə qlobal əmək bazarında baş verən dəyişikliklər təsadüfi xarakter daşımır, əksinə qlobal iqtisadiyyatın transformasiyası və struktur yenilənmələrinin məntiqi nəticəsi kimi çıxış edir. Müasir dövrdə əmək münasibətlərinin mahiyyətində baş verən dəyişikliklər əmək mühafizəsi anlayışının da daha geniş, çoxölçülü və kompleks məzmun qazanmasına səbəb olmuşdur”.

SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyyətinin sədri Orxan Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş “İş yerlərində psixososial risklərin idarə olunması: müasir yanaşmalar və həll yolları” mövzusunda konfransında deyib.

O bildirib ki, Beynəlxalq Əmək Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən formalaşdırılmış yanaşmalara əsasən, təhlükəsiz iş mühiti anlayışı artıq yalnız fiziki təhlükəsizlik komponenti ilə məhdudlaşmır. Bu anlayış psixososial amilləri də əhatə edən inteqrativ sistem kimi dəyərləndirilir. Son illərdə hər iki təşkilatın birgə hazırladığı metodoloji sənədlərdə psixososial risklərin idarə olunması əmək mühafizəsi siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir.

Elmi yanaşmalarda vurğulanan mühüm məqamlardan biri psixososial risklərin təkcə sosial rifah problemi deyil, həm də ciddi iqtisadi itkilərə səbəb olan faktor kimi çıxış etməsidir. Ümumdünya Səhiyyə Təşkilatı-nin qiymətləndirmələrinə görə, dünyada hər il depressiya və narahatlıq pozuntuları nəticəsində əmək məhsuldarlığının itirilməsi təxminən 1 trilyon ABŞ dolları səviyyəsində iqtisadi zərərə səbəb olur. Bu göstərici təxmini xarakter daşısa da, problemin qlobal miqyasını və iqtisadi sistemlərə təsir dərəcəsini aydın şəkildə nümayiş etdirir.

Digər tərəfdən, Beynəlxalq Əmək Təşkilatı tərəfindən aparılan təhlillər göstərir ki, iş yerlərində stress və psixososial risklər bir çox ölkələrdə əmək qabiliyyətinin itirilməsinin əsas səbəblərindən biri kimi çıxış edir. Bu faktor əmək mühafizəsi siyasətində yeni, daha kompleks yanaşmaların tətbiqini zəruri edir.

Xüsusilə müasir əmək mühitində psixoloji rifahın qorunması, stressin idarə olunması və iş mühitində balanslı sosial münasibətlərin formalaşdırılması əmək təhlükəsizliyinin ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Bu baxımdan psixososial risklərin idarə olunması yalnız sağlamlıq deyil, həm də iqtisadi səmərəlilik və əmək məhsuldarlığı baxımından strateji əhəmiyyət daşıyır”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə