"Körpənin inkişafı onun gələcək sağlamlığı və həyat keyfiyyəti üçün əsasdır. İlk aylardan etibarən uşağın fiziki, zehni və sosial bacarıqları mərhələli şəkildə formalaşır".
Bu barədə SİA-ya açıqlamasında pediatr Elşən Tağıyev deyib.
.jpg)
Onun sözlərinə görə, bu mərhələlərdə gecikmənin erkən aşkar olunması vaxtında müdaxilə etməyə və mümkün problemlərin qarşısını almağa imkan verir: "Körpələrin inkişaf sahələri və diqqət ediləcək əlamətlər əsasən dörd istiqamətdə qiymətləndirilir. Motor inkişaf uşağın bədənini idarə etmə qabiliyyətini əhatə edir. Bu sahədə 3 aylıqda başını saxlaya bilməməsi, 6 aylıqda çevrilməməsi, 9 aylıqda oturmaması və 12–15 aylıqda yeriməməsi kimi hallara diqqət yetirilməlidir.
Nitq və dil inkişafı həm səsləri çıxarma, həm də başa düşmə qabiliyyətini əhatə edir. 6 aylıqda səslərə reaksiya verməməsi, 9 aylıqda səslər çıxarmaması, 12 aylıqda jestlərdən istifadə etməməsi və 18 aylıqda söz deməməsi bu sahədə gecikməyə işarə ola bilər.
Sosial və emosional inkişaf uşağın insanlarla əlaqəsini göstərir. Göz kontaktının olmaması, 2–3 aylıqda sosial gülümsəmənin müşahidə edilməməsi, 6–9 aylıqda adına reaksiya verməməsi və valideynlə emosional əlaqənin zəif olması bu sahədə diqqət tələb edən əlamətlərdir.
Koqnitiv inkişaf uşağın ətraf mühiti qavrama və öyrənmə qabiliyyətini əhatə edir. Oyuncaqlara maraq göstərməməsi, ətrafı araşdırmaması və sadə səbəb-nəticə əlaqələrini anlamaması bu inkişaf sahəsində mümkün geriləməni göstərə bilər.
İnkişaf gecikməsi riskini artıran bəzi amillər mövcuddur. Vaxtından əvvəl doğuş, doğuş zamanı oksigen çatışmazlığı, genetik sindromlar, eşitmə və görmə problemləri, eləcə də xroniki xəstəliklər bu risk faktorlarına daxildir.
İnkişaf gecikməsinin erkən aşkarlanması üçün müxtəlif skrininq testlərindən istifadə olunur. Denver II inkişaf testi, Ages and Stages Questionnaire və M-CHAT autizm üçün skrininq vasitələri bu məqsədlə tətbiq edilir və uşağın inkişaf səviyyəsinin obyektiv qiymətləndirilməsinə kömək edir.
Uşaq inkişaf mərhələlərində geri qalırsa, valideynlər narahatlıq hiss edirsə və ya uşaq əvvəl qazandığı bacarıqları itirirsə mütləq mütəxəssisə müraciət edilməlidir.
Valideynlərin uşağın inkişafına dəstək göstərməsi mühüm əhəmiyyət daşıyır. Uşaqla ünsiyyətin artırılması, oyun vasitəsilə inkişafın stimullaşdırılması, ekran vaxtının azaldılması və müntəzəm pediatr müayinələrinin gecikdirilməməsi bu prosesdə əsas rol oynayır.
İnkişaf gecikməsi nə qədər erkən aşkar edilərsə, müdaxilə bir o qədər effektiv olur. Valideynlərin diqqətli müşahidəsi və vaxtında həkimə müraciəti uşağın sağlam inkişafında həlledici əhəmiyyət daşıyır. Erkən diaqnoz gələcəkdə daha ciddi problemlərin qarşısını almağa imkan verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB