Paylı mülkiyyətdə olan əmlak satıla bilərmi?

“Paylı mülkiyyətdə olan əmlakın satılması mümkündür, lakin bu zaman digər payçıların hüquqları nəzərə alınmalıdır. Paylı mülkiyyət dedikdə bir əmlak üzərində bir neçə şəxsin müəyyən paylarla mülkiyyət hüququna malik olması başa düşülür. Belə əmlak mənzil, torpaq sahəsi, qeyri-yaşayış sahəsi və ya başqa daşınar və daşınmaz əşya ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsində paylı mülkiyyət, payın ayrılması, bölünməsi və payın özgəninkiləşdirilməsi ilə bağlı qaydalar nəzərdə tutulur”.

Bu sözləri SİA-ya açıqlamasında vəkil Ramil Vəliyev deyib.

O bildirib ki, payçı özünə məxsus payı satmaq hüququna malikdir. Lakin o, öz payını kənar şəxsə satmazdan əvvəl həmin payı eyni qiymət və şərtlərlə digər payçılara təklif etməlidir. Bu qayda “üstün satın alma hüququ” adlanır. Mülki Məcəllənin 218-ci maddəsinə əsasən, paylı mülkiyyət iştirakçılarının satılan payı almaqda üstünlük hüququ vardır:

”Satıcı payçı digər payçılara satış qiyməti və satışın əsas şərtləri barədə yazılı bildiriş verməlidir. Əgər digər payçılar qanunla müəyyən edilmiş müddətdə bu payı almaq istəməsələr, satıcı payını üçüncü şəxsə sata bilər. Üstün satın alma hüququ pozularsa, digər payçı alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb edə bilər.

Burada vacib məqam odur ki, payçı bütün əmlakı deyil, yalnız özünə məxsus payı sata bilər. Məsələn, mənzilin 1/2 hissəsi bir şəxsə, digər 1/2 hissəsi başqa şəxsə məxsusdursa, payçılardan biri təkbaşına bütün mənzili sata bilməz. Bütün əmlakın satılması üçün bütün payçıların razılığı tələb olunur. Əgər payçılar əmlakın bölünməsi və ya satılması barədə razılığa gələ bilmirlərsə, mübahisə məhkəmə qaydasında həll oluna bilər. Ali Məhkəmənin mövqeyinə görə, paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ya payın ayrılması mümkün olmadıqda, müəyyən hallarda əmlakın açıq hərracdan satılması və satış pulunun paylara uyğun bölüşdürülməsi məsələsinə baxıla bilər.

Payın satılması ilə əmlak üzərindəki digər payçıların mülkiyyət hüququ aradan qalxmır. Yeni alıcı əvvəlki payçının yerinə keçir və yalnız alınmış pay həcmində hüquq əldə edir. Əgər əmlak daşınmaz əmlakdırsa, satış müqaviləsi notariat qaydasında bağlanmalı və hüquq dövlət reyestrində qeydiyyata alınmalıdır. Paylı mülkiyyətdə olan əmlakın satışı zamanı sonradan mübahisə yaranmaması üçün bildirişlər, razılıqlar və müqavilə şərtləri yazılı formada rəsmiləşdirilməlidir. Nəticə etibarilə, paylı mülkiyyətdə olan əmlak satıla bilər, lakin satış payçının yalnız öz payı üzrə aparılmalı, digər payçıların üstün satın alma hüququ pozulmamalı və qanuni prosedurlar tam gözlənilməlidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə