Niyə eyni məkanda zəhərlənmə hamıda olmur? - EKSPERT AÇIQLADI

“Ev mühitində dəm qazı (karbon monoksid) ilə bağlı risklər bəzən görünməz amillərlə əlaqəli olur. Bunlara hava axınları və “gizli külək” faktoru daxildir. Yəni bu, fiziki qanunlara əsaslanan bir prosesdir: açıq və ya yarıaçıq pəncərələr, qapıların vəziyyəti, küləyin istiqaməti – bütün bunlar otaqdakı hava dövranına təsir edir”.

Bu sözləri SİA-ya açıqlamasında təhlükəsizlik eksperti Samir Nəbiyev deyib.

O bildirib ki, məsələn, çöldən gələn küləyin istiqaməti dəyişdikdə, hava axını ev daxilində fərqli şəkildə hərəkət edir. Pilləkən boşluqları, dar keçidlər və bəzi künclər hava dövranının zəif olduğu “ölü zonalar” yaradır. Bu zonalarda karbon monoksid yığıla bilər:

”Karbon monoksid hər zaman otaqda bərabər şəkildə yayılmır. Bəzən müəyyən sahələrdə toplanaraq “cib” effekti yaradır. Əgər insan həmin zonaya düşərsə, qısa müddətdə zəhərlənmə baş verə bilər.

Digər vacib məsələ baca ilə bağlıdır. Əgər külək əks istiqamətdən – yəni bacaya doğru vurarsa, “geri çəkilmə effekti” yaranır. Bu zaman tüstü və dəm qazı çölə çıxmaq əvəzinə yenidən otağa qayıdır. Xüsusilə odun peçləri və düzgün quraşdırılmamış bacalar bu baxımdan daha risklidir. Kənd yerlərində tez-tez müşahidə olunur ki, küləkli havalarda tüstü evin içinə dolur.

Bundan əlavə, temperatur fərqi də rol oynayır: isti hava yuxarı qalxır, soyuq hava isə aşağı enir. Karbon monoksid isə bəzən otağın tam aşağı hissəsində deyil, orta hündürlükdə toplanır və bu da onu daha təhlükəli edir, çünki insanın nəfəs aldığı səviyyədə yerləşə bilər.

Eyni zamanda oksigen çatışmazlığı da əlavə risk yaradır. Qapalı mühitdə oksigen azalanda insan özünü pis hiss edir və bu vəziyyət karbon monoksidin təsiri ilə daha da ağırlaşa bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə