“Azərbaycanda qanunvericilikdə edilən son dəyişikliklərə əsasən, dilənçilik və avara həyat tərzi keçirən şəxslərlə bağlı müəyyən tədbirlər nəzərdə tutulur. Bu şəxslər əvvəlcə inzibati qaydada cəzalandırıla bilər, zərurət yaranarsa isə cinayət məsuliyyətinə də cəlb oluna bilərlər”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı kulturoloq, analitik ekspert Aydın Xan Əbilov deyib.

O bildirib ki, amma burada bir məqam var: “Dilənçilik hamı üçün eyni səbəbdən yaranmır. Biz bu insanları bir neçə qrupa bölməliyik.
Birinci qrup – təşkilatlanmış, müəyyən şəxslər tərəfindən idarə olunan və bundan gəlir əldə etməyə çalışanlardır. Təəssüf ki, bu qrupda bəzən yaşlı insanlar və uşaqlar da olur.
İkinci qrup – sosial vəziyyətə görə məcbur qalan insanlardır. İşsizdirlər, aztəminatlıdırlar, bəzilərinin xəstə yaxınları var, bəziləri borc içindədir. Bu insanlar çıxılmaz vəziyyətdə olduqları üçün kömək istəyirlər.
Üçüncü qrup isə bunu artıq bir vərdişə çevirən şəxslərdir.
Ona görə də bütün dilənçiləri eyni formada cəzalandırmaq düzgün deyil. Əgər insanın imkanı olsa, o, gedib dilənməz. Peşəkar dilənçilərlə mübarizə aparmaq lazımdır, amma sosial vəziyyətə görə bu yola düşən insanlara qarşı daha anlayışlı yanaşmaq vacibdir.
Ümumiyyətlə, belə hallar dünyanın bir çox ölkəsində var. Hətta inkişaf etmiş ölkələrdə də küçədə yaşayan, dövlət dəstəyi ilə qidalanan insanlar mövcuddur.
Azərbaycanda isə bu problemin həlli üçün sosial proqramlar var: sığınacaqlar, məşğulluq proqramları, sosial xidmət mərkəzləri və s. Bu insanları həmin proqramlara cəlb etmək daha düzgün yanaşmadır.
Sadəcə kim küçədə kömək istədi deyə onu cərimələmək çıxış yolu deyil. Əgər o insan kasıbdırsa, cəriməni necə ödəyəcək?
Əsas məqsəd cəza vermək yox, bu insanları cəmiyyətə qazandırmaq olmalıdır. Bunun üçün də həm hüquqi tədbirlər, həm də sosial dəstək paralel şəkildə həyata keçirilməlidir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB