Mətləb Salahov: "Sosial şəbəkələrdəki dərəbəylik cəmiyyətdə cinayətkar və psixoz insanların sayını artırır"
“Son günlər məktəblərdə şagirdlərin açıq-aşkar qatil obrazında öz sinif yoldaşlarını və müəllimləri hədəf alan hərəkətləri cəmiyyəti şoka salıb. Lakin bu cür qatil düşüncəli uşaqları kim yetişdirir? – nəzarətsiz internet! Bəli, bu mövzu demək olar ki, cəmiyyətin bir nömrəli əsas problemidir. İnternet resurslarının, xüsusilə sosial şəbəkələrin nəzarətsiz poliqon kimi cəmiyyəti başına götürdüyü bir zamanda uşaq və yeniyetmələrin zərərli informasiyalardan qorunması vacibdən vacib məsələdir. Nəzərə alsaq ki, əksər valideynlər də bu məsələyə lazımı şəkildə diqqət göstərmirlər, o zaman gələcəyimizlə bağlı vahimə daha da böyüyür. Çünki tiktok və digər sosial şəbəkə seqmentlərində cinsi azlıqların, əxlaq pozğunu olan bir sıra “müğənnilərin” reklamı, habelə uşaqların psixologiyasına dəhşət zərbə vuran qorxulu oyunların nümayişi ölkə olaraq bizi dəhşətli fəlakətə sürükləyir”.
Bu barədə SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. M.Salahov qeyd edib ki, nəzarətsiz internet məkanında ilk hədəf uşaq və yeniyetmələr seçilir. Bu iyrənc və təhlükəli siyasət uşaqların psixologiyasına, gələcəkdə şəxsiyyət kimi şikəst formalaşmasına zəmin yaradır.
M.Salahov qeyd etdi ki, uşaqları internetdəki zərərli informasiyalardan qorumaq, ilk növbədə, valideynlərin məsuliyyətidir: “Lakin min dəfə təəssüflər olsun ki, bir sıra valideynlər uşaqlarını əyləndirmək, sakitləşdirmək, ya da özlərinə vaxt ayırmaq üçün körpələri internetin ağuşuna atırlar. Uşaqların yaşına uyğun olmayan təhlükəli informasiya və reklamlarla tanışlıq onların hərəkət və fizioloji durumuna da mənfi təsir edir. Artıq iş o yerə çatıb ki, uşaqların internet aludəçiliyi psixoloji tramva halına çevrilib. Artıq bir neçə ildir ki, uşaq və yeniyetmələrin manyak şəkildə qatilə, zərərli manyaka çevrilməsi sürətli hal alıb. Dövlət olaraq, cəmiyyət olaraq bu təhlükəyə qarşı birgə tədbirlər görməsək, uzağı dörd-beş il ərzində bizi çox təhlükəli situasiya gözləyir. Çünki gələcək nəsil gələcək Azərbaycan deməkdir, unutmayaq”.
Afət Tahirqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB