Dəmiryol xətti yaxınlığında kritik vəziyyət: su borusunda sızma - ŞİKAYƏT - FOTOLAR

Binəqədi rayonu ərazisində yerləşən Köhnə Yeni Yaşayış Massivi, 1 May küçəsi (hazırkı ünvan üzrə Kəngərli və Samurçay küçələrinin kəsişməsi, dəmiryol xəttinin yaxınlığı) ətrafında ciddi narahatlıq doğuran vəziyyət müşahidə olunur. Həmin ərazidən keçən iri diametrli su borusunda (magistral xəttdə) sızma qeydə alınıb və artıq su axıntısı açıq şəkildə görünür.

Sakinlərin sözlərinə görə, bu boru yüksək təzyiqlə işləyir və nasazlıq aradan qaldırılmadığı təqdirdə hər an qəza baş verə bilər. Borunun partlaması halında ərazinin su altında qalması, yaşayış binalarına və infrastruktura ciddi ziyan dəyməsi, həmçinin insanların təhlükəsizliyinin risk altına düşməsi ehtimalı yüksəkdir.

Mövcud vəziyyəti nəzərə alaraq, aidiyyəti qurumlardan xahiş olunur ki, qeyd olunan əraziyə təcili baxış keçirilsin, texniki ekspertiza aparılsın və nasazlığın aradan qaldırılması üçün zəruri tədbirlər görülsün. Bu problemin vaxtında həlli daha böyük qəza və fəsadların qarşısını ala bilər.

SİA mövzu ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) sorğu ünvanlayıb.

Qurumdan bildirilib ki, qeyd olunan xətt daimi istifadə olunan xətt deyil. Xəttdən yağış sularının kənarlaşdırılması üçün istifadə olunur. Gün ərzində qəza aradan qaldırılacaq.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə