"İnsan psixikasının təbii mexanizmi belədir ki, insan tanımadığı insanlara, məkanlara və məlumatlara qarşı əvvəlcə ehtiyatlı yanaşır. Bu, əslində, beynin özünü qoruma reaksiyasıdır. Psixologiyada buna “təhlükədən qorunma instinkti” deyilir. İnsan beyni naməlum situasiyanı potensial risk kimi qiymətləndirir və avtomatik olaraq müdafiə mexanizmlərini işə salır".
Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

Onun sözlərinə görə, bu instinkt insanın həyatda qalmasına xidmət edən ən əsas mexanizmlərdən biridir: "Eyni zamanda, bu, emosional reaksiya səviyyəsində də özünü göstərir. İnsan qarşısındakı şəxsi və ya mühiti əvvəlcə müşahidə edir, analiz edir və yalnız kifayət qədər məlumat əldə etdikdən sonra yaxınlaşmağa başlayır. Buna görə də başlanğıcda müəyyən məsafə saxlamaq və ehtiyatlı davranmaq tamamilə təbiidir.
Bu davranışın formalaşmasında sosial mühitin də böyük rolu var. Uşaqlıqdan bizə öyrədilir ki, tanımadığımız insanlara qarşı ehtiyatlı olaq, hər mühitə dərhal uyğunlaşmayaq. Bu sosial öyrənmə də zamanla insanın davranış modelinə çevrilir.
Digər mühüm amil isə şəxsi təcrübədir. Əgər insan keçmişdə kiməsə güvənib mənfi təcrübə yaşayıbsa, beyin həmin hadisəni yadda saxlayır və gələcəkdə oxşar situasiyalarda daha ehtiyatlı davranmağa başlayır. Bu, artıq öyrənilmiş qorunma reaksiyasıdır.
İnsan yeni münasibətlərdə özünü təhlükəsiz hiss etmək üçün müəyyən məsafə saxlayır və etimadı tədricən formalaşdırır. Bu, psixoloji baxımdan sağlam yanaşmadır.
Amma burada balans çox vacibdir. Həddindən artıq ehtiyatlılıq insanı qapalı və sosial baxımdan uzaqlaşmış edə bilər. Digər tərəfdən, həddindən artıq açıq olmaq da risklər yarada bilər.
Ona görə də ən düzgün yanaşma ehtiyatla, amma açıq şəkildə ünsiyyət qurmağı öyrənməkdir. Bu isə zamanla, təcrübə və düzgün ünsiyyət bacarıqları ilə formalaşır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB