Uşağı isti saxlamaq həqiqətən onu xəstəliklərdən qoruyurmu? - PEDİATR DANIŞDI

"Valideynlər arasında geniş yayılmış “uşaq üşüdü, ona görə xəstələndi” fikri tibbi baxımdan tam doğru deyil. Uşağı çox isti geyindirməyin onu xəstəliklərdən qoruması da elmi əsaslara söykənmir. Uşaqlarda rast gəlinən qrip, soyuqdəymə, bronxit və boğaz ağrısı kimi xəstəliklərin əsas səbəbi viruslar və bakteriyalardır. Yəni uşaq təkcə soyuq havaya çıxdığı üçün deyil, infeksiya törədiciləri ilə təmasda olduqda xəstələnir".

Bu barədə SİA-ya açıqlamasında pediatr Elşən Tağıyev deyib.

Onun sözlərinə görə, soyuq aylarda xəstəliklərin daha çox yayılması isə insanların qapalı məkanlarda daha sıx toplaşması, məktəb və bağçalarda təmasın artması ilə əlaqədardır. Bununla yanaşı, quru hava və burun selikli qişasının quruması tənəffüs yollarının müdafiə mexanizmlərini zəiflədə bilər ki, bu da virusların orqanizmə daxil olmasını asanlaşdırır.

Üşümək birbaşa xəstəlik yaratmasa da, uzun müddət soyuqda qalmaq, bədənin həddindən artıq soyuması, yorğunluq və zəif qidalanma immun sistemini zəiflədə bilər. Bu halda orqanizm viruslarla qarşılaşdıqda xəstələnmə ehtimalı artır. Yəni əsas səbəb soyuq deyil, immun müqavimətin zəifləməsi və infeksiya ilə təmasdır.

Uşağın həddindən artıq isti geyindirilməsi isə əksinə müəyyən risklər yaradır. Belə hallarda tərləmə artır, uşaq narahat olur, yuxu keyfiyyəti pozula bilər, susuzlaşma riski yüksəlir və xüsusilə körpələrdə temperatur balansı pozula bilər. Tərləyib sonradan soyuma isə uşağın daha çox narahatlıq hiss etməsinə səbəb olur.

Uşağı düzgün geyindirməyin ən optimal yolu onu qat-qat geyindirməkdir. Bu zaman hava şəraitinə uyğun olaraq geyimi azaltmaq və ya artırmaq asan olur. Ümumilikdə körpələr böyüklərlə müqayisədə bir qat artıq geyindirilə bilər, aktiv hərəkət edən uşaqlara isə daha yüngül geyim kifayət edir. Otaq şəraitində isə qalın geyimə ehtiyac olmur.

Uşağın üşüdüyünü və ya həddindən artıq isti olduğunu müəyyən etmək üçün əllər və ayaqlardan çox boyun, kürək və sinə nahiyəsinə diqqət yetirmək daha doğrudur. Boyun isti və tərli olarsa, bu, uşağın çox geyindirildiyini göstərir. Dəri soyuq olarsa və uşaq narahat, titrək vəziyyətdədirsə, əlavə geyimə ehtiyac yarana bilər.

Uşaqları xəstəliklərdən qorumağın əsas yolu düzgün geyim deyil, ümumi sağlamlıq qaydalarına əməl etməkdir. Peyvəndlərin vaxtında vurulması, əl gigiyenası, otaqların mütəmadi havalandırılması, balanslı qidalanma, kifayət qədər yuxu və xəstə insanlarla təmasın azaldılması daha effektiv qoruyucu tədbirlər hesab olunur.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə