Geyimlərin üzərində etiket və tərkib məlumatlarının olmaması qanun pozuntusu sayılırmı? - VƏKİL AÇIQLADI

““8-ci kilometr bazarı” kimi tanınan Vasmoy bazarı Bakı şəhərində uzun illərdir əhalinin daha çox büdcəyə uyğun geyim alış-verişi etdiyi əsas məkanlardan biri hesab olunur.
Bu bazarda müxtəlif növ paltarlar, ayaqqabılar, çantalar və digər aksesuarlar münasib qiymətlərlə satışa çıxarılır.
Məhz bu səbəbdən bazar xüsusilə aşağı və orta gəlirli alıcılar üçün cəlbedici seçim sayılır”.

Bu sözləri SİA-ya açıqlamasında vəkil Ramil Vəliyev deyib.


O bildirib ki, lakin qiymətlərin ucuz olması bəzən satış prosesində qanuni tələblərin pozulması hallarını da gündəmə gətirir:

“Belə hallardan biri alıcıya kassa çeki verilməməsidir. Çekin təqdim edilməməsi alıcının alış-veriş faktını sonradan sübut etməsini çətinləşdirir.

Bu isə istehlakçı hüquqlarının müdafiəsi baxımından ciddi problem yaradır.
Çünki çek həm alınan məhsulun qiymətini, həm də satış tarixini təsdiqləyən əsas sənəddir.

Əgər satıcı çek vermirsə, alıcı məhsul qüsurlu çıxdıqda və ya aldadıldığını düşündükdə öz hüququnu müdafiə etməkdə çətinlik çəkə bilər.

Belə vəziyyətdə vətəndaş aidiyyəti dövlət qurumlarına müraciət etmək hüququna malikdir.

Alıcı hesab edirsə ki, satış zamanı qiymətdə, keyfiyyətdə və ya məhsul barədə məlumatlandırmada aldatma baş verib, o, şikayət edə bilər.

Əgər məsələ birbaşa fiskal çekin verilməməsi ilə bağlıdırsa, bu zaman Dövlət Vergi Xidmətinə də müraciət olunması məqsədəuyğundur.

Bazarda rast gəlinən digər mühüm problem isə bəzi geyimlərin üzərində etiket və tərkib məlumatlarının olmamasıdır.

Geyimin tərkibi barədə məlumatın olmaması alıcının məhsulun keyfiyyəti və təhlükəsizliyi haqqında düzgün təsəvvür formalaşdırmasına mane olur.Məsələn, allergiyası olan şəxs parçanın tərkibini bilmədən sağlamlığı üçün risk yaradan məhsul ala bilər.

Eyni zamanda, qulluq qaydalarının göstərilməməsi məhsulun düzgün istifadə edilməməsinə və tez sıradan çıxmasına səbəb ola bilər.

Bu baxımdan etiket və məlumat çatışmazlığı da istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə