“Çıxarışı olmayan evlər dövlət reyestrində qeydiyyata alınmadığı üçün onların üzərində rəsmi mülkiyyət hüququ mövcud sayılmır. Bu tip əmlak etibarnamə ilə satıldıqda, alıcı faktiki sahib olmur, sadəcə müəyyən hüquqlardan istifadə edən şəxs kimi qalır”.
Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.
Onun sözlərinə görə, etibarnamə istənilən vaxt ləğv oluna, onu verən şəxs vəfat edə və ya məhkəmə tərəfindən etibarsız hesab edilə bilər:
”Belə hallarda alıcı həm evi, həm də ödədiyi vəsaiti itirmək riski ilə üz-üzə qalır.
Bələdiyyə sənədləri əsasında əldə olunan əmlaklarda isə vəziyyət bir qədər fərqlidir. Bu mülklər dövlət qeydiyyatından keçmədiyi üçün çox vaxt onların tikinti icazəsi və texniki pasportu olmur. Nəticədə belə əmlak ipoteka predmeti kimi istifadə edilə bilmir, banklarda girov qoymaq mümkün olmur və irsi qaydada ötürülməsi də çətinləşir.
Digər ciddi problemlər sırasında üçüncü şəxslərin eyni əmlaka iddia qaldırması, dövlətin torpağı geri alma ehtimalı, miras zamanı mübahisələrin yaranması və əmlakın qanuniləşdirilməsinin mümkünsüzlüyü yer alır. Həmçinin abadlıq və tikinti işləri üçün icazə almaqda çətinliklər yaranır. Belə əmlakın gələcəkdə satışı da problemli olur, çünki rəsmi sənədi olan alıcı tapmaq getdikcə çətinləşir.
Qiymətin aşağı olması ilk baxışda cəlbedici görünsə də, sənədsiz əmlak alarkən sonradan yarana biləcək hüquqi problemlər, əlavə xərclər və ya ümumiyyətlə mülkiyyətsiz qalmaq riski nəzərə alınmalıdır. Bu səbəbdən belə qərar verməzdən əvvəl peşəkar hüquqşünasla məsləhətləşmək ən düzgün yanaşmadır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB