CASCFEN növbəti Ümumi Yığıncağa hazırlaşır

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyi növbəti Ümumi Yığıncağa (konfrans) hazırlaşır. Bu barədə SİA-ya İctimai Birliyin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, nizamnaməyə əsasən cari ilin may ayı ərzində təşkilatın növbəti Ümumi Yığıncağı keçirilməlidir və artıq bu istiqamətdə hazırlıq işlərinə başlanılıb. Belə ki, İdarə Heyəti tərəfindən Ümumi Yığıncağa hazırlıq məqsədilə Təşkilat Komitəsi formalaşdırılıb.

CASCFEN-in İdarə Heyətinin üzvü, Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalının sədrlik etdiyi Təşkilat Komitəsinə həmçinin, İctimai Birliyin sədr müavinləri Nüşabə Hüseynli və Fikrət Əliyev, həmçinin gənc üzvlərdən Rəsul İbrahimli və Ayxan İsmayılov daxildir.

Mətbuat xidmətinin məlumatına görə, Təşkilat Komitəsi formalaşdıqdan sonra artıq ilk iclasını keçirib. İclas zamanı Ümumi Yığıncağa hazırlıqla bağlı əsas detallar müzakirə olunub. Yaxın günlərdə isə Ümumi Yığıncağın konkret keçirilmə tarixi və məkanı, eləcə də digər təşkilati məsələlərin müzakirəsi nəzərdə tutulur.

O da qeyd olunub ki, qarşıdan gələn Ümumi Yığıncaqda təşkilatın cari fəaliyyəti qiymətləndiriləcək, həmçinin gələcək fəaliyyət istiqamətləri üzrə bir sıra məsələlər müzakirə edilərək müvafiq qərarların qəbul olunacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə