Bölgələrdə məktəb bufetlərinə nəzarət gücləndirilir

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən Regional Bölməsinin əməkdaşları ümumi təhsil müəssisələrində qida təhlükəsizliyi və sağlam qidalanmanın təşkili mövzusunda maarifləndirici tədbir keçiriblər.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndələri, qida bloku olan ümumi təhsil müəssisələrinin rəhbərliyi, müəllimləri, bufet operatorları və şagirdləri iştirak ediblər.

Göygöl rayonunda təşkil edilən tədbirin əsas məqsədi məktəb bufetlərinə nəzarətin gücləndirilməsi, sanitar-gigiyenik qaydalara riayət olunmasının təmin edilməsi və şagirdlər arasında sağlam qidalanma vərdişlərinin təşviqidir.

Görüş zamanı agentliyin mütəxəssisləri iştirakçılara qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ-hüquqi aktların tələbləri, məktəb bufetlərində tətbiq olunan sanitar-gigiyenik və texniki-normativ qaydalar barədə ətraflı məlumat veriblər. Həmçinin qida məhsullarının düzgün saxlanması, daşınması və istehlak şərtləri, qida zəhərlənmələrinin profilaktikası və qarşısının alınması yolları izah olunub. Bununla yanaşı, sağlam qidalanma prinsipləri və keyfiyyətli qidanın gənc nəslin fiziki inkişafında rolu diqqətə çatdırılıb.

Tədbirin sonunda bufet operatorlarına metodiki tövsiyələr verilib, iştirakçıların sualları mütəxəssislər tərəfindən cavablandırılıb.

Bu cür maarifləndirici görüşlərin digər təhsil müəssisələrində də davam etdirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə