“Klinik protokolların tətbiqinin gündəlik praktikada əhəmiyyəti”

Yanvarın 24-də Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında “Klinik protokolların tətbiqinin gündəlik praktikada əhəmiyyəti” mövzusunda seminar keçirilib.

Seminarda Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, rəis müavini İsmayıl Əfəndiyev, Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva, Mərkəzi Gömrük Hospitalının və digər xəstəxanaların klinik bazasında təhsil alan müxtəlif ixtisaslı rezidentlər və gənc həkimlər iştirak ediblər.

Seminarda Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, ürək-damar cərrahı Rəşad Mahmudov “Klinik protokolların tətbiqinin gündəlik praktikada əhəmiyyəti” mövzusunda təqdimatla çıxış edib. O, sübutlu təbabət prinsiplərinə əsaslanan klinik protokolların gündəlik praktikada tətbiqinin pasiyentyönümlü tibbi xidmətlərin beynəlxalq standartlara uyğun təşkilində olduqca vacib əhəmiyyətə malik olduğunu vurğulayıb.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov seminar iştirakçılarına gündəlik tibbi praktikada klinik protokollardan istifadənin əhəmiyyəti və Azərbaycanda ilk klinik protokolların yaranma tarixi barədə məlumat verib, internetdə sübutla əsaslanan təbabətlə bağlı materialların mövcud olduğu resurslardan danışıb, həmçinin Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş klinik protokollarla dinləyiciləri tanış edib.

Seminarın yekununda Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva aktual mövzunu gündəmə gətirdiyinə görə Rəşad Mahmudova təşəkkür edib və gənc həkim və rezidentləri gündəlik təcrübələrində aktiv şəkildə klinik protokollardan istifadəyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə