Narsist insandan necə qorunaq? - PSİXOLOQ İZAH ETDİ

"Narsist sözünün mənası özünün pərəstişkarı olan, özünü həddindən artıq çox sevən şəxs deməkdir". Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib.

Psixoloq bildirib ki, əslində insanın özünü sevməsi normal prosesdir: "Amma burada normal özünü sevmədən söhbət getmir. Buradakı şəxs özünü o qədər eqoistcəsinə sevir ki, qarşı tərəfin duyğu, istəklərini yox sayır, ancaq özünü düşünür.

Narsistlər çox eqoist olurlar, empatiya qura bilmirlər, ancaq məsələlərə öz mənfəətləri üzərindən baxırlar. Bir insanla dostluq edirsə, orada mütləq bir qazancı var. Çox zaman onlar yüksək statuslu şəxslərlə dostluq edirlər, adi, sıravi insanlarla çox oturub-durmurlar. Eyni zamanda, onlarda istifadəçilik olur. Hansısa hadisə, situasiyada qarşı tərəfi günahlandırırlar. Düşünürlər ki, onlar günahsızdırlar. Əgər bir problem varsa, onların özündən deyil, yalnız qarşı tərəfdən qaynaqlanır. Bu da mümkünsüzdür. Problem varsa, orada hər iki tərəfdə olan səhvlər ola bilər. Amma onlar düşünür ki, hər zaman haqlıdırlar.

Narsist insanlar başqa bir insanın əməyini alçaldır, dəyərsizləşdirirlər. Çünki onlar heç kimin özlərindən üstün olmasını qəbullanmırlar. Danışanda özgüvənli biri kimi görünürlər, amma əslində narsistlərin daxilində özünə güvən aşağı, yetərsiz olur. Bu xüsusiyyətlər yeniyetməlik dövründən başlayaraq davamlı olaraq görülməlidir ki, bu şəxsə narsist diaqnozu qoyulsun. Bu diaqnoz əsasən də 18 yaşdan sonra qoyulur. Narsist xarakterik bir problemdir, psixopotologiyadır, normal deyil. Bu haqda tibbi psixologiyada şəxsiyyət pozuntuları bəhsində məlumat verilir".

"Narsist insanla özgüvənimizi yüksək tutmaqla başa çıxmaq olar. Özgüvənimizi o qədər yüksək tutmalıyıq ki, narsist insanlar bizə dəyərsiz hiss etdirməsin. Unutmamalıyıq ki, narsist insanlarda yanlış düşüncə tərzi olduğuna görə onlar yanlış düşünürlər. Özlərini haqlı hesab edirlər, hər şeyin ən gözəlini özlərinin bildiyini düşünürlər. Amma əslində hər bir insan kimi səhv də düşünə bilərlər. Çox zaman onların düşüncəsi yanlış olur. Çünki onlar düzgün düşüncə tərzinə malik deyillər. Ona görə də biz onlarla çox göz kontaktı qurmamalıyıq, onlara hər şeyi dərin anlatmamalıyıq. Narsist insan görsək, maksimum uzaq qaçmalıyıq. Amma çox təəssüf olsun ki, günümüzdə narsizm o qədər yayılıb ki, bu bizim ailə üzvümüz də, ətrafımızdakı əziz adamımız da ola bilər. Görsək ki, bu adamı tamamilə kəsib ata bilmirik, onda özgüvənimizi yüksək tutmalıyıq ki, bizi əzib dəyərsizləşdirə bilməsin.

Müalicəsi üçlü aparılır. Onları müalicə etmək çox çətindir. Çünki onlar problemlərinin fərqində olmurlar, qəbul etmirlər. Düşünürlər ki, hər şeyin ən yaxşısını bilirlər. Ona görə terapiyaya getmirlər. Terapiyaya getdikləri zaman tez-tez terapist dəyişdirirlər. Onların müalicəsi çox uzun mərhələni əhatə edir. Psixoloq dəstəyi, psixodinamik terapiya və dərman müalicəsi ilə müalicələri üçlü aparılır" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə