Şirvan şəhərində Birinci Qarabağ müharibəsi şəhidinin dəfn mərasimi keçirildi - FOTOLAR

Bu gün Şirvan şəhərində Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhid Elman Çıraqovun dəfn mərasimi keçirilib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, şəhid Çıraqov Elman Almaz oğlu 24.09.1971-ci ildə Əli Bayramlı şəhərində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 21.08.1992-ci ildə cəbhə xəttinə yola düşüb. Tərtər könüllü batalyonunun tərkibində döyüş əməliyyatlarında iştirak edən Elman Çıraqov 21.08.1994-cü ildə ildə Füzuli uğrunda gedən döyüşlərdə itkin düşüb.

1999-cu ildə Əli Bayramlı şəhər Xalq Məhkəməsinin qərarı ilə Elman Çıraqova şəhidlik statusu verilib. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Elman Çıraqovun nəşinin olduğu yer müəyyən edilib və bu gün Elman Çıraqov 30 ildən sonra doğulub boya başa çatdıqı Şirvan şəhərində Şəhidlər xiyabanında dəfn edilərək torpaqa tapşırılıb.

Dəfn mərasimində Şirvan şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Qarabağ qaziləri və veteranları, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak edib. Dəfn mərasimində hərbi orkestrin ifasında dövlət himni səsləndirilib və silahlardan yaylım atəşləri açılıb. İcra hakimiyyətinin başçısı, millət vəkili, YAP şəhər təşkilatının sədri çıxış edərək şəhidlərimizə Allahdan rəhmət diləyib ailə üzüvlərinə, yaxınlarına səbr diləyiblər.

Sonda üçrəngli bayraq şəhidin qardaşına təqdim olunub.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə