"Əmlak kirayəyə verilərkən mütləq müqavilə bağlanmalıdır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan Respublikasında əmlak kirayəsi üzrə münasibətlər Mülki Məcəllə ilə tənzimlənir". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Xanlar Sətullayev deyib.

Hüquqşünas bildirib ki, əmlak kirayəyə verilərkən mütləq müqavilə bağlanmalıdır və həmin məcəllənin 675-ci maddəsində göstərilir ki, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

Kirayə müqaviləsi bağlamaq üçün aşağıdakı sənədlər tələb olunur:

Əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti;
Mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında şəhadətnaməsi;

Daşınmaz əmlakın kirayəyə verilməsinə ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı;
Yaşayış evində, mənzildə, bağda və bağ evində yaşayış yeri üzrə qeydiyyatda olması barədə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin notariat qaydasında təsdiq edilmiş razılığı;

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış.

Bütün kirayə müddəti ərzində kirayəyə verən kirayəyə verilən əşyanın kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmasına, kirayəyə verilmiş əşyanın əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olmasına məsuliyyət daşıyır. Kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur.

Kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda, kirayəyə verənin otaqlara özü və ya ailə üzvləri üçün mənzil kimi ehtiyacı olduqda, kirayəyə verən binanın yardımçı qeyri-yaşayış otaqlarını kirayəyə vermək məqsədilə yeni avadanlıqla təchiz edərək yol verilən şəkildə yaşayış otaqlarına çevirmək niyyətində olduqda və müqavilənin ləğvini yalnız bu otaqlar üçün məhdudlaşdırdıqda kirayəyə verən yaşayış otağının kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərini ləğv edə bilər.

Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə