Qəbrini al, sonra öl! -ARAŞDIRMA

Yeni hadisədən danışmıram. İllərdən bəri davam edən, lakin həllini hələ də tapmayan məsələdən söhbət açıram. O məsələ ki, həm də mental dəyərlərimizlə birbaşa bağlıdır. Bu məsələnin əsasını torpaq təşkil edir. Ölərkən gömüləcəyimiz torpaq. Bəzi insanlara qəribə gələr, xüsusilə rayonlarda yaşayanlara. Çünki oralarda bu məsələ belə deyil. Lakin böyük şəhərlərdə artıq qlobal məsələyə çevrilib. Və hər kəsin qarşısında belə bir sual yaradıb: öləndə məni harada basdıracaqlar? Bunun üçün yer varmı? Torpaq almışammı, qəbir yeri barədə düşünmüşəmmi? Bu problem ölkə üzrə ən çox Bakıda tüğyan edir. Əgər Bakıda yaşayırsansa, kimliyindən asılı olmayaraq düşünməlisən ki, sabah öləndə harada dəfn olunacaqsan. Yaranan problem bunu bu gündən düşünməyə vadar edir. Yoxsa, ölərkən övladlarımız çətinliklə üz-üzə qalmalı olacaq. Elə bir dövrdə yaşayırıq ki, bu çətinliklə qarşılaşmamaq üçün yaşayarkən torpaq alıb qəbir yerinin olduğuna əmin olmalısan. O torapq ki, bizim milli sərvətimizdir və biz öz sərvətimizə minlərlə manat xərcləməklə gömüləcəyik. Bu isə nə əsrlərə sığan milli dəyərlərimizdə, nə də dinimz İslamda görülməyib. Deməli, adını “müsair” qoyduğumuz dövrümüz bizi buna da vadar edəcəkmiş...

Ağlımıza gəlməyən başımıza gəlir...

Hər zaman belə problemlərlə qarşılaşmaq olur ki, ağıla gəlməyən başa gəlir. Dövrümüzün qəbiristanlıq və qəbir yeri məsələləri də bu silsilədəndir. Kimin ağlına gələrdi ki, zaman gələcək ki, biz diri ikən öldüyümüz günün qayğıları ilə yaşamağa başlayacağıq. Kimin ağlına gələrdi ki, Vətənimizdə torpağa basdırılmaq üçün əvvəlcədən qəbir yeri almaq gərək olacaqdı. Kim düşünə bilərdi ki, dəllallar meydana gələcək ki, hətta 2 kvadratmetr qəbir yerinin alqı-satqısı ilə məşğul olacaqlar.

Həqiqətən də düşünəndə adam heyrət qarşısında qalır. Sən ev almağın, torpaq alıb ev tikməyin, mülk salmağın dərdini çək, övlad böyütməyin, ona təhsil verməyin, toyunu-düyününü etməyin qayğısını çək, bir də öldüyün günü düşün ki, sabah həyatla vidalaşanda məni harada dəfn edəcəklər. Gərək nəyin bahasına olursa-olsun 3-4 kvadratmetrlik yer alım ki, öləndə övladlarım çıxılmaz vəziyyətdə qalmasınlar.

İllər öncə bu barədə kimsə düşünə bilməzdi. Elə bu gün həmin problemlə qarşı-qarşıya qalan Bakıda belə. Çünki ölü üçün torpaq satılması hadisəsi ilə heç vaxt qarşılaşmamışdıq. İnsan ki, dünyasını dəyişdi, evinə yaxın qəbiristanlıqlardan birində dəfn olunardı, vəssalam. Lakin elə bir dövrə gəlib çıxdıq ki, dəfn qaydaları da dəyişdi, mərasimləri də. İslam dini qəbirlərin itməsini əmr etdiyi təqdirdə, biz qəbirüstü abidələr yaratmağa başladıq. Bu dünyada kim hansı səviyyədə yaşadısa, o dünyası da yaxınları tərəfindən ona uyğunlaşdırıldı. Qəbir kənarları hasarlandı, qəbirlər üzərində bahalı mərmər daşlardan abidələr qoyuldu, sinə daşlarına şeirlər, ürək sözləri yazıldı.

Yas mərasimlərində süfrələr açıldı, haradan-haraya. Bu süfrələr üzərinə min bir nemət düzüldü. Varlı ilə kasıbın əsl fərqi üzə çıxdı. Kimisi ata-anasına verdiyi ehsanla fəxr etdi, qonaqları yanında qürrələndi. Kimisi də utandı, başı aşağı oldu. Ardınca qırx mərasimləri, qarabayramlar keçirildi ki, hər bir bir təmtəraqlı toy, ziyafət məclisindən seçilmədi.

Bütün bunlar bir zamanların ağlımıza gəlməzləri idi ki, başımıza gəldi. Kim idi günahkar, kim idi səbəbkar? Kim olacaq? Hər ikisi özümüzük. Başımıza nə gəldisə, öz günahımızdan, öz səbəbkarlığımızdan oldu. Çünki vaxtında qarşısını ala bilmədik. Buna ya cəsarətimiz çatmadı, ya da gücümüz. Ya da özümüz istədik, özümüz şərait yaratdıq. Beləliklə də bir də gördük ki, dini dəyərlərimizi sanki bazarda satışa çıxarmışıq. Heç bir təhsili olmayan, 2-3 həftəlik kurs keçməklə molla olub, qoltuğuna vurduğu dəftərə özü başadüşəcək tərsdə bir-iki ayə, mərsiyə yazıb yas mərasimlərində oxuyan, “Yasin”i, “Ayətil-kürsü”nü düzgün ifadə edə bilməyən mollalar və molla xanımlar bütün bunlara göz yumdular. Yas mərasimlərində yedilər-içdilər, evə gedəndə isə bir çanta dolu pay-püşk apardılar. Belə olan halda isə nə üçün mərasimlərin belə əndazədən çıxması məsələsinə mənfi münasibət bildirməli idilər ki?..

Və bir gün gördük ki, bəli, ağlımıza gəlməyən başımıza gəlib. İtirdiyimiz qazandığımızdan çoxdur...

Bakıda yaşayırsansa, qəbir yeri barədə düşün!

Yuxarıda da qeyd etdiyim kimi, rayonlarda yaşayan insanlar üçün bəlkə də bu, qəribə görünə bilər. Lakin həmin rayonları-gözəl havanı, saf suları, hələ də qalmaqda, yaşadılmaqda olan adət-ənənələri geridə buraxıb şəhərə-Bakıya üz tutanlar hər şeydən əvvəl bunu da fikirləşməlidir ki, öləndə məni harada basdıracaqlar. Yəni bu, gəlmələrlə yanaşı, həm də yerli bakılıların problemidir. Ona görə də Bakıda yaşayan hər kəs sağlığında bunu fikirləşməlidir.

Bəs qəbiristanlıqlarda vəziyyət necədir, qəbir yerlərinin qiyməti neçəyədir? Bu barədə əvvəlcədən deyim ki, necə ki, həyatda varlı-kasıb, yuxarı, aşağı təbəqə var, qəbiristanlıqlarda da belədir. Yuxarı təbəqədən olanlar, varlı, imkanlı olanlar üçün qəbiristanlıqlar ayrı, aşağı təbəqə, kasıblar üçün ayrıdır. Bu, həmin qəbiristanlıqlarda satılan torpaqların qiymətləri ilə şərtlənir. Kim bu dünyada necə yaşayırsa-bahalı evlərdə, konfortlu həyatla, o dünyasını da buna müvafiq qurmaq istəyir. Kim bu dünyada kirayələrdə ömrünü bada verməli olursa, gündəlik çörək pulunu zülmlə qazanırsa, təbii ki, ölüm günü barədə də bir o qədər iddiada ola bilmir. Gəlin, qiymətlərə nəzər salaq.

Qurd qapısı qəbiristanlığı - 2000-3000 AZN

Badamdar qəbiristanlığı - 800-2000 AZN

Xırdalan qəbiristanlığı - 800-2000 AZN

Günəşli qəbiristanlığı - 600-1500 AZN

Maştağa qəbiristanlığı -800-1000 AZN

Qaraçuxur qəbiristanlığı - 200-1000 AZN

Zabrat qəbiristanlığı -500-700 AZN

Biləcəri qəbiristanlığı - 400-500 AZN

Hövsan qəbiristanlığı - 150-300 AZN

Əmircan qəbiristanlığı -300 AZN

Bülbülə qəbiristanlığı -150-200 AZN

Qeyd edim ki, bu qiymətlər əsasən 1 nəfər, bəzi hallarda isə 2 nəfər üçün nəzərdə tutulur. Və stabil qalmır, hər il, hətta hər an belə dəyişə bilər. Çünki qəbiristanlıqlar qəbir yeri satanların şəxsi bazarıdır və şəxsi fikirləri ilə də qiymətləri istədikləri kimi tənzimləyirlər.

Odur ki, yaşadığımız müddətdə heç də bu günün qayğıları ilə günləri başa vurmayaq. Aradabir bu dünyanı bir gün tərk edəcəyimizi fikirləşib qəbir yerimiz barədə də düşünək. Yoxsa bir gün ölərkən bu yükü övladlarımızın çiyninə qoymuş olaraq. Onlar da qəbir yeri axtarıb tapınca, tapdıqdan sonra isə onun qiymətini ödəyə biləcəklərmi, bilməyəcəklərmi, bu prosesləri başa çatdıranadək bizim cənazəmiz gözələməli olar.

Bütün ölkələrdə bu problem yaşanırmı?..

Araşdırmalara əsasən bir çox ölkələrdə də qəbiristanlıqlarda qəbir yerləri satılır, həm də yüksək qiymətə. Məsələn, alman qəbiristanlıqlarında bir qəbir yerinin qiyməti 2400 avrodur. Norveçdə 20 illik müqavilə ilə ildə 100 avro məbləğinə vəsairt ödəməklə qəbir yeri saxlamaq olur. 20 il ötəndən sonra müqavilə yenilənməlidir. Braziliyada qəbir yeri hər kvadratmetr sahə üçün 45 avrodur. Finlandiyada insanlar hər ay məvaciblərinin 1.75 faizini kilsəyə ödəyirlər ki, öləndə pulsuz dəfn edilsinlər. Qonşu Gürcüstanda bu sahədə bir qədər ucuzluqdur, yəni xüsusi müraciətlə yer və dəfn xərcləri 250 lari (125 avro) məbləğində olur. Lakin bahalı qəbiristanlılqar da var ki, orada isə qəbir yerləri 1000 lari (500 avro) təşkil edir.

Bütün bunlar bir kənara, bəs qonşu Türkiyə və İranda, həm də İslam dininin hökm sürdüyü bu ölkələrdə necədir vəziyyət? Bəli, baxmayaraq ki, İslam dini bütün bunların əksini deyir, lakin həm Türkiyədə, həm də İranda qəbir yerləri çox baha qiymətə satılır. İstanbulda Zincirlikuyu qəbiristanlığında, hansı ki, bu qəbiristanlıq 1-ci kateqoriyalı hesab olunur, qəbir yeri (2018-ci il göstəricisinə görə) 1900 manat, yaxınlıqdakı qəbir yerinin qiyməti isə 4000 manata, Eyüp qəbiristanlığında (bu isə 2-ci kateqoriyalıdır) 353 manat, yaxınlıqdakı boş yerin qiyməti isə 1600 manat təşkil edir. Öncədən özlərinə qəbir sifariş verənlər 3200 manatından keçməli olur. Üçüncü kateqoriyaya aid olan qəbiristanlıqlarda qiymətlər müvafiq olaraq, 32, 642 və 1300 manat təşkil edir. Ən ucuz başa gələn qəbir yerləri dördüncü kateqoriyaya aid olan qəbiristanlıqlarda təklif olunur. Qiymətlər müvafiq olaraq 32, 321 və 642 manat arasında dəyişir. Lakin 15 milyon əhalisi olan İstanbulun ən bahalı qəbiristanlığında belə qəbir yerinin Bakıdakından xeyli ucuz olduğu da göz qarşısındadır.

İranda 500 min tümən (260 dollar) 270 min tümən (145 dollar), 150 min tümən (80 dollar) qiymətlərində məzar yerləri var. Ancaq xüsusi baha yerləri olan məzarlıqlar da var. Bu qiymətlər də Bakıdakı qəbir yerlərinin qiymətindən xeyli ucuzdur. Tehran yaxınlığında yerləşən İran-İraq müharibəsi şahidlərinin dəfn olunduğu “Behişte-Zəhra” (“Zəhra cənnəti”) məzarlığı ölkədə ən bahalı qəbir yerlərinin olduğu yerdir. Burada qiymətlər 350 min tüməndən 15 milyon tümənədək (180 dollar-7700 dollar) dəyişir. Daha bir bahalıq məzar yerləri ziyarətgahlar ərazisində olur. Bu cür yerlərdə dəfn olunmaq arzusunda olanlar çox olduğundan bura xüsusi qiymətlər qoyulub.

İslam ölkələri olaraq həm Azərbaycan, həm Türkiyə, həm də İran üçün məzar yerlərinin satılması heç də yaxşı hal deyil. Dünyamızın gəlib bu nöqtədə dayanması heç də ürəkaçan olmasa da, təəssüf ki, artıq belədir. Biz istəsək də, istəməsək də…

Bəs çıxış yolu necə?..

Ölkəmiz üçün bəzi çıxış yolları ola bilər. Həm ölkə əhalisinin sayına, həm ölkəmizin bir çox nümunəviliklərlə seçilməsi baxımından düşünürəm ki, bu sahədə də bir çıxış yolu tapılmalı və qəbiristanlıqlardakı bu rüsvayçılıq aradan qaldırılmalıdır.

Bu barədə onlarla millət vəkilinin, dindarın fikrini dinlədim. Millət vəkillərindən bununla bağlı qanun layihəsinin olduğunu, lakin həyata keçirilmədiyini, yeni qanun layihəsinin hazırlanmasının vacibliyini vurğulayanlar var, dindarlardan isə bəziləri qəbir yerlərinin satılmasının günah sayıldığını, bəziləri isə bunun dinə zidd olmadığını qeyd edirlər. Necə deyərlər, kimə necə sərf edirsə…

Əslində isə burada ən böyük iş bələdiyyələrin üzərinə düşür. Hansı ki, ölkədəki 4204 qəbiristanlıqdan 3268-i bələdiyyələrə təhvil verilib. Bəs qəbiristanlıqların bələdiyyələrə təhvil verilməsi bu mənzərəni dəyişirmi? Əsla dəyişmir. Çünki bələdiyyələrin özlərinin fəaliyyətinə yenidən baxılmalı, onların iş strukturu elə nizama salınmalıdır ki, onlar həm səlahiyyət sahibinə çevrilə bilsinlər, həm də imkanları daxilində bir işi həyata keçirə bilsinlər. Məhz bundan sonra tabeliklərində olan qəbiristanlıqlarla bağlı üzərlərinə mühüm vəzifə qoyulmalıdır.

Ölkəmizdə bələdiyyə idarəçiliyi sahəsində mühüm yeniliklərə qədər bu prosesin olduğu kimi davam edəcəyi sözsüzdür. Eyni zamanda dəfn pulu məbləğinin az olması da məsələnin digər tərəfidir ki, həmin məbləğ hələlik bu qədər problem qarşısında çox cılız qalır.

Mən öləndə, məni basdırarsınız...

Yeri gəlmişkən, yazını hazırlayarkən əvvəldən axıra qədər hələ orta məktəb illərindən Taras Şevçenkonun dilimin əzbərinə çevrilən ”Vəsiyyət” şeiri beynimdən yenə dilimə süzülüb:

Mən öləndə, məni basdırarsınız,

Yüksək bir təpədə, bir dağ başında.

Elə bir yerdə ki, görünsün yalnız

O gözəl Ukrayna...

...Vəsiyyət... Əvvəllər bizlərdən də vəsiyyət edənlər olurdu: mən öləndə filan yerdə dəfn edərsiniz. Mən öləndə həyat yoldaşımın, atamın, anamın, nə bilim, oğlumun yanında dəfn edərsiniz... Lakin indi vəsiyyətlər olunsa da, onun yerinə yetirilməsi çox halda mümkün olmayan məsələdir. İndi “mən öləndə orada dəfn edərsiniz” yox, “mən öləndə görəsən harada dəfn olunacağam?” fikri düşündürür Bakıda, eləcə də bir neçə böyük şəhərlərimizdə yaşayanları. Bu dəfn yerlərindən isə şairin şeirdə arzuladıqlarına müvafiq bizim arzuladıqlarımızn heç biri görünmür. Görünən bir-birinə yapışan məzarlar, sıxlıq, səlqəsizlik, bir-birindən fərqlənən baş daşları, qəbirüstü minarələr, abidələr, varlı ilə kasıbın miskin fərqi və sairlərdir....

Kaş qəbir əslində necə olmalıdır, elə bir qəbri olardı hər kəsin: varlının da, kasıbın da; eyni formada, ölçüdə, görünüşdə. Sadəcə mərhumun adı, doğum və ölüm tarixi, ”Ruhuna Fatihə” sözləri. Necə ki, Quran-Kərimdə də buyurulur ki, israf edən insanlar şeytana qulluq edənlərdir... Və bir də ən əsası, “qəbrini al, sonra öl” paradoksu...

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə