Tufan Erhürman Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti kimi səlahiyyətlərinin icrasına başlayıb
Lefkoşada Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) altıncı Prezidenti Tufan Erhürmanın andiçmə mərasimi keçirilib. SİA xəbər verir ki, mərasimdə Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də ŞKTC hökumət üzvləri, deputatlar və vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.
Beşinci Prezident Ersin Tatar, xanımı Sibel Tatarla birlikdə ŞKTC Prezident Administrasiyasının binası qarşısında yeni seçilmiş dövlət başçısını qarşılayıb.
Tədbirdə çıxış edən Tufan Erhürman əsas prioritet vəzifəsinin Şimali Kipr xalqının maraqlarını müdafiə etmək olduğunu bildirib.
Yeni Prezident vurğulayıb ki, Şimali Kiprin sakinlərinin öz ölkələri ilə fəxr etmələri üçün çalışacaq və hər zaman xalqın yanında olacaq.
Dövlət başçısı Kipr türklərini “Kiprin iki bərabərhüquqlu tərəfdaşından biri” adlandıraraq qeyd edib ki, “Kipr türkləri ada resursları üzərində yunan kiprlilər qədər eyni hüquqlara malikdirlər”.
Tufan Erhürman əlavə edib ki, “Kipr yunanlarının malik olduğu suverenlik səviyyəsi ilə türklərin suverenliyi eynidir” və vurğulayıb ki, Lefkoşa heç vaxt ziddiyyətlərin həlli üzrə danışıqlardan qaçmayıb.
“Adada uzunmüddətli sülh və sabitlik yalnız Kipr türklərinin və zəmanətçi ölkə olan Türkiyənin maraqları nəzərə alındığı halda mümkündür”, – deyə siyasətçi qeyd edib.
ŞKTC-nin yeni Prezidenti, həmçinin Türkiyə ilə əməkdaşlığın daha da dərinləşdirilməsinə səy göstərəcəyini bəyan edib.
Çıxışlardan sonra Tufan Erhürmanın adından rəsmi qəbul təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB