“Yeni nəsil üçün dünyanı xarabalığa çeviririk” - KULTUROLOQ FİKİR BİLDİRDİ

“Yeni texnologiyaların düşgünü olmaq XXI əsrin psixoloji, sosial “dəb”inə çevrilib. Bu yalnız Azərbaycanda deyil, bir çox ölkələrdə də özünü göstərir. Amma təəssüflər olsun ki, bu amil inkişaf etmiş, Avropa ölkələri yox məhz bizim kimi bir qədər geridə qalmış, inkişafa sonradan qədəm qoymuş cəmiyyətlərdə baş verir. ABŞ-da da bu texnologiyalardan istifadə edilir. Lakin orada heç bir varlı, ziyalı gecə İphone, oyun konsulu, bahalı geyim üçün növbədə gözləməz, yuxusuz gecə keçirməz. Təbii ki, ABŞ kimi inkişaf etmiş ölkələrdə də endirimlər olduqda texnoloji avandanlıqları almaq üçün mağazalar qarşısında sıralar yaranır. Lakin iki seriya əvvəlkindən demək olar ki, fərqlənməyən smartfon əldə etmək üçün gecə yarısına qədər sırada durmaq, ətrafdakılarla münaqişə aparmaq normal insanların işi deyil. Həmin insanlar həm sosial, həm də psixoloji problemləri olan insanlardır”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdcüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, həmin smartfon üçün ödənilən pul ilə 50 min manat civarında ipotekaya götürülmüş ev üçün ilk ödəniş etmək və ya kiçik bizneslərdə istifadə etmək olduğu təqdirdə bir smartfon üçün özünü “öldürməyin” heç bir mənası yoxdur: “Azərbaycanda bir çoxları əvvəllər 3 mobil şirkət olduğunu və buna uyğun olaraq da iki telefon işlətdiklərini bildirirdilər. Daha sonra isə iki-üç nömrədən istifadə etməyin mümkün olduğu smartfonlar istehsala buraxıldı. İndi də ya orta təbəqə insanları, ya da ata-ana dəstəyi ilə bəzi gənclər iki telefon istifadə etməkləri ilə fəxr edirlər. Qıraqdan bunu görən digər gənclər də təbii ki, bu mənasız istəklərin ardınca düşürlər.

Məhz həmin smartfon istehsal edən şirkətlər səbəbindən dünyada hərarət artır. Biz hər birimiz heç bir məna kəsb etmədiyi halda yeni bir smartfon əldə etdikdə başa düşməliyik ki, dünyada tullantıların, min illərlə məhv olmayan plastik əşyaların artmasına və hava zəhərlənməsinə səbəb oluruq. Bununla da yeni nəsil üçün dünyanı xarabalığa çeviririk.

Azərbaycanda heç bir zaman teatr, kino-teatr və ya müxtəlif görməli yerlərin ətrafında belə qalmaqallı sıxlıqla rastlaşa bilmərik. İl ərzində demək olar ki, heç bir ailə büdcəsində təbiət qoynunda dincəlmək üçün istifadə etmir. Amma uşaqlar valideynlərini onlara İphone almağa məcbur edə bilirlər. Bu da artan radiasiyanın insanların məhv olmasına səbəb olur. Buna görə də ölkəmizdə dünyanın bir çox yerində olmayacaq qədər xəstəliklər artıb. Xərçəng xəstəliyi və ürək-damar ilə bağlı problemlər ölkədə getdikcə daha da artır. Anlamaq lazımdır ki, bir insanı İphone üçün qarşılasalar belə, beyninə görə də geri sala bilərlər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə