Kredit borcu olan şəxslər ölkədən kənara çıxa bilər? - VƏKİL AÇIQLADI

"Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin 3-cü bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər". Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9-cu maddəsinə əsasən, vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz: "

Vətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda MÜVƏQQƏTİ məhdudlaşdırıla bilər:

1) şəxs barəsində hər hansı qətimkan tədbiri seçildikdə

2) məhkum edildikdə

3) barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə

4) şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə

5) məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək

Qalan digər hallarda şəxsin ölkədən getmək hüququ məhdudlaşdırıla bilməz".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə